Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.
Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.
1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Ölkənin hava məkanının qorunması, strateji və operativ tapşırıqların icrası məqsədilə formalaşdırılan HHQ Azərbaycan Ordusunun ən mühüm tərkib hissələrindən biridir.
Hərbi Hava Qüvvələri aviasiya bölmələri, hava hücumundan müdafiə vasitələri, radar sistemləri və digər yardımçı strukturları özündə birləşdirir. Maddi-texniki imkanlar baxımından Azərbaycan HHQ-ləri Cənubi Qafqaz regionunda öncül mövqelərdən birini tutur. Azərbaycan pilotları MDB məkanında ən çox uçuş həyata keçirən pilotlar sırasında yer alır.
Son illər ərzində aparılan islahatlar, həmçinin beynəlxalq əməkdaşlıq HHQ-nin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb. Gələcək dövrdə qüvvələrin daha da modernləşdirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.
Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi yüksək peşəkarlığı bundan sonra da davam etdirməyə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.
“Yeni Sabah” AZƏRTAC-a istinadən Hərbi Hava Qüvvələrinin fotolarını təqdim edir.
Telegram kanalımız