EN

Mehdiyevin evindən çıxan PULLAR: 17 milyonluq nağd pulun İZİNDƏ – ŞOK FAKTLAR

Azərbaycan siyasi tarixinin ən nüfuzlu fiqurlarından biri olmuş, uzun illər dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarverici mövqedə dayanan Ramiz Mehdiyevin adı bu dəfə siyasi proseslərlə deyil, milyonlarla manatlıq nağd vəsait qalmaqalı ilə gündəmdədir.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun yaşayış ünvanında aparılan axtarış zamanı təxminən 17 milyon manat məbləğində vəsaitin aşkar edilərək müsadirə olunduğu bildirilib. Məsələnin ən diqqətçəkən tərəfi isə pulların saxlanma formasıdır.

Məlumata görə, müsadirə edilən vəsaitin əhəmiyyətli hissəsi ABŞ dolları şəklində olub və bu dollarlar adi qaydada deyil, beynəlxalq bank standartlarına uyğun şəkildə paketlənmiş formada saxlanılıb. Bağlamaların üzərində “$10,000” qeydləri yer alıb. Bu isə hər bir lentin 100 ədəd 100 dollarlıq əskinasdan ibarət olduğunu göstərir.

Bu fakt sadəcə “evdən tapılan pul” detalı deyil. Bu, sistemli şəkildə sayılmış, bank qaydalarına uyğun bağlanmış, rəsmi maliyyə dövriyyəsindən keçmiş və daha sonra dövriyyədən kənarda saxlanılmış iri məbləğli vəsait deməkdir.

Belə bağlamalar adətən bankların pul emalı mərkəzlərində formalaşdırılır. Bu tip lentlər təsadüfi şəkildə əldə edilmir. Onlar böyük məbləğlərin daşınması, saxlanması və müvəqqəti dövriyyəsi üçün nəzərdə tutulur. Yəni ortada fərdi şəkildə yığılan “xırda-xuruş” deyil, strukturlaşdırılmış maliyyə kütləsi dayanır.

Ən mühüm sual isə budur: milyonlarla manatlıq vəsait niyə bank sistemində deyil, yaşayış ünvanında saxlanılıb? Bu pullar hansı mərhələlərdən keçib? Hansı kanallar vasitəsilə formalaşıb? Niyə rəsmi maliyyə dövriyyəsindən kənarda saxlanılıb?

Dollar bağlamalarının xarici bank standartlarına uyğun olması və yerli bank atributlarının görünməməsi pulların ilkin mərhələdə ölkə xaricində və ya beynəlxalq maliyyə sistemində paketləndirildiyini ehtimal etməyə əsas verir. Bu isə məsələnin miqyasını daha da genişləndirir. Çünki burada artıq təkcə vəsaitin həcmi deyil, onun hərəkət marşrutu və hüquqi statusu da gündəmə gəlir.

17 milyon manatlıq vəsaitin yarısının dollar şəklində və bank paketləri ilə saxlanılması təsadüfi görünmür. Bu, planlı şəkildə toplanmış, sistemləşdirilmiş və müəyyən mərhələdə rəsmi maliyyə institutlarından keçmiş pulların mövcudluğunu göstərir. Belə məbləğin illərlə dövriyyədən kənarda saxlanılması isə ayrıca diqqət çəkən faktdır.

Məsələ artıq sadə axtarış faktı deyil, maliyyə mexanizmlərinin arxa planını ortaya çıxaran hadisə kimi qiymətləndirilir. Hər bir $10,000-lıq bağlama potensial olaraq özündə bir maliyyə tarixçəsi daşıyır – hansı bankda sayılıb, hansı tarixdə paketlənib, hansı sistemdən keçib. Bu məlumatlar istintaq üçün açar rol oynaya bilər.

Hadisənin hüquqi tərəfi isə artıq rəsmiləşib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb. Bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti tərəfindən yayılıb.

Rəsmi açıqlamaya əsasən, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmaqda ittiham olunur.

Beləliklə, evdən çıxan milyonlar artıq təkcə maddi sübut deyil, rəsmi ittiham predmeti kimi hüquqi müstəviyə daşınıb. İndi əsas sual bu vəsaitlərin tam maliyyə xəritəsinin ortaya çıxarılıb-çıxarılmayacağıdır.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
44
nocomment.az

1Sources