EN

Nərimanı ölkədən kənara Zubir çıxarıb! Axundzadəni ABŞ yə aparan menecerdən maraqlı açıqlamalar

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Futbol+”in ötən sayında anons etdiyimiz ayrılıq gerçəkləşdi: “Qarabağ”la vidalaşan Nəriman Axundzadə bundan sonra “Kolambus Kryu”nun şərəfini qoruyacaq. MLS təmsilçisi 21 yaşlı hücumçuyla 2029-cu ilin iyununa qədər müqavilə imzaladı.Maraqlıdı ki, keçidin “Initiative U-22” proqramı çərçivəsində baş tutduğu iddia olunur. Deyilənə görə, bu mexanizm klublara gənc və perspektivli oyunçularla büdcə baxımından sərfəli müqavilələr bağlamağa geniş imkanlar yaradır.Keçidin detalları haqda daha ətraflı məlumat almaq üçün Nərimanın meneceri Tural Əsgərliylə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında bəhs etdiyimiz proqram haqda da məlumat verdi: “Təbii ki, keçiddə yaş amili də rol oynadı. MLS-də standart maaş məsələsi var. Klublar ümumi olaraq həmin məbləğdən daha çox maaş ödəyə bilməzlər. Amma komandların işini yüngülləşdirmək, motivasiya vermək məqsədilə futbolçular daha iki kateqoriyaya ayrılır. Biri “Designated Player”, digəri “Initiative U-22” proqramına əsaslanır. Bu proqramlar çərçivəsində transfer edilən futbolçulara istənilən məbləğdə maaş ödənilə bilər. Birinci kateqoriya ulduz oyunçulara aiddi. Həmin futbolçulara klub sahibləri öz büdcəsindən pul verir. Burda məqsəd liqanın təbliğidi. İkincidən isə gələcəyə investisiya etmək istəyən klublar faydalanır. Onlar 22 yaşadək gənc futbolçuları transfer edir. Ancaq Nərimanın məhz bu proqram çərçivəsində alınıb-alınmayacağı hələ dəqiq deyil. Çünki “Kolambus Kryu” bu barədə qarşıdakı vaxtda düşünəcəyini bildirib. Bunun da səbəbi var. Komandada başqa gənc futbolçular da çıxış edir. Səhv etmirəmsə, əcnəbilər də var. Sonda hansı oyunçuya daha çox pul xərclənibsə, həmin futbolçunu sözügedən proqram çərçivəsində alacaqlar ki, klubun büdcəsinə təsir etməsin. Yəqin ki, yaxın günlərdə bu mövzuya aydınlıq gələcək. Onsuz da həmin proqramın futbolçuya hansısa təsiri yoxdu. Nəriman bütün oyunlarda forma geyə də, ümumiyyətlə, şans qazanmaya da bilər. Burda yalnız klubun büdcəsi fayda görür. Yəni hansısa azərbaycanlı futbolçu ümidlənməsin ki, bu proqram sayəsində mən də MLS klubuna keçə bilərəm. Əvvəlcə oyunçunun performansı ABŞ klubunu qane etməlidi ki, həmin siyahıya düşsün. MLS çox fərqli strukturdu”.Maraqlıdı, bəs daha əvvəl Mahir Emreli və Musa Qurbanlının da legioner həyatı yaşamağa başlamasında vasitəçi olan Tural bəy bu keçidin reallaşmasında öz rolunu necə dəyərləndirir? Ya burda əsas məsələ “Qarabağ”ın avrokuboklarda, xüsusən bu mövsüm Çempionar Liqasında qazandığı uğurlardı? Tural bəyi dinləyək: “Düzü, bu iş elədi ki, nə qədər tövazökar olsan da, sonda özünü tərifləmiş olursan. Futbolçular əksər hallarda deyir ki, xarici ölkələrə yollana bilməmələrinin səbəbi menecerlərin yetərsiz fəaliyyətidi. Bəli, bu məsələdə menecerlərin də həlledici olmasa da, müəyyən qədər rolu var. Ancaq mən belə düşüncəylə razı deyiləm. Futbolçunun özünün potensialından çox şey asılıdı. Yoxsa menecerlər “transfer pəncərələri”ndən maksimum istifadə edib çoxlu pul qazanardı. Bütün hallarda ilk amil futbolçunun səviyyəsi, təmsil etdiyi liqa, şərəfini qoruduğu klubdu. Hamıya hörmətlə yanaşıram, lakin etiraf edək ki, “Qarabağ”dan başqa ölkənin klubuna transfer etmək “Kəpəz”dən, yetərincə yaxşı səviyyədə olan “Sabah”dan başqa ölkəyə futbolçu göndərməkdən daha rahatdı. Çünki “Qarabağ”ın adı gələndə başqa səviyyə ortaya çıxır. Nəriman da son vaxtlar “Qarabağ”ın əsas heyətinə düşməkdə çətinlik çəkirdi, bununla belə, yetərincə, ciddi liqaya transfer olundu. Düzdü, ora ABŞ-di, İngiltərə, Fransa deyil, ancaq “Kolambus Kryu” da səviyyəli klubdu. Özü də söhbət təkcə bu komandadan getmir. Müxtəlif vaxtlarda üç ABŞ klubu Nərimanla danışıq aparırdı. Bu səbəbdən Musa Qurbanlının, Mahir Emrelinin transferi haqda o qədər də çox danışmaq istəmirəm. Futbolçulara tövsiyə etmək istəyirəm ki, menecerlərlə danışmaqdan çəkinməsinlər. Hamıdan üzr istəyirəm, bəzi hallarda xəsislik etməsinlər. Çünki menecerlə çalışanda ona ödəniş etməlisən. Təəssüf ki, bəzi oyunçularla arada maraqların toqquşması baş verir. Bir də görürsən, hansısa futbolçu deyir ki, mənə Azərbaycanda menecer lazım deyil. Hamını tanıyıram. Lakin menecer təkcə futbolçunun bir klubdan digərinə keçidi üçün lazım deyil. Düzü, belə oyunçularla işləmirəm, işləmək də istəmirəm. Məsələn, hansısa oyunçunun xarici kluba transferi üçün çox çalışmışam. Çünki özü məndən bunu istəyib. Sonradan Azərbaycanda başqa klubla anlaşıb. Əziyyətim boşa gedib, vaxtım itib, hansısa ödəniş də almamışam. O başqa məsələ ki, futbolçu lap yaxşı oynayırsa, meneceri olmadan da başqa ölkə klubuna keçidi baş tuta bilər. Düzü, söhbət Mahir və Musa ilə məhdudlaşmır. Başqa futbolçular da var. Bununla belə, tərəfdaşlıq əlaqələri də mühümdü. Məsələn, Nərimanın ABŞ-yə yollanmasında Sem Nordinin (o, ölkəmizdə daha çox Abdulla Zubirin meneceri kimi tanınıb – red.) də əvəzsiz xidməti oldu. “Zirə”nin futbolçusu Salifu Sumanın “Malmö”yə keçidində isə mənim ciddi rolum olmuşdu. Sumanı həmin kluba mən təklif etmişdim. Kəsəsi, işin kökündə tərəfdaşlıq və düzgün insanlarla çalışmaq dayanır. Hər dəfə bir hekayə, bir tarixçə...”Tural bəydən Nərimanın növbəti kluba keçidindən “Qarabağ”ın pay alıb-almayacağını da soruşduq. Ancaq o, bu barədə məlumat vermək istəmədi.Xatırladaq ki, “Qarabağ”ın yetirməsi olan Nəriman premyer-liqada 84 oyunda 24 qol vurub, bu komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub. U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib. Onu da qeyd edək ki, Nəriman futbol tariximizə başqa ölkənin klubuna ən baha qiymətə satılan futbolçu kimi düşdü. Təəssüf ki, bu məsələdə vahid məbləğ deyilmir. Hər halda, onun satış qiyməti 1,2 milyon avrodan 2,5 milyon avroya qədər dəyişir.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
2
icma.az

3Sources