EN

ABŞ və İran son hazırlıq mərhələsində: Müharibə yoxsa, informasiya panikası? - ŞƏRH

ABŞ ilə İran arasında münasibətlər artıq kritik bir səviyyəyə yüksəlib. Vaşinqton regiona güclü hərbi qüvvələr göndərərək, iki nəhəng donanma qrupunu İran yarımsferinə yerləşdirib və Tehranla yeni nüvə razılaşması əldə edilməsini tələb edib — əks halda daha sərt addımlar atılacağı açıq şəkildə bəyan olunub.

Bu hərbi hazırlıq və siyasi təzyiq ABŞ prezidenti tərəfindən həm İranın nüvə proqramına cavab, həm də diplomatik danışıqlara təkan vermək məqsədilə sərgilənir.

Ancaq Tehran da cavab addımlarını artırıb və hərbi təhdidlər qarşısında “özünü müdafiə etməyə hazır olacağını” söyləyərək, ABŞ-ın hərbi addımlarına qarşı sərt reaksiyalar verə biləcəyini bildirib. Eyni zamanda, bölgədə sivil hava təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlar verilib və İran hava məkanının istifadəsi riskli hesab olunub — bu isə potensial hərbi qarşıdurmanın iqtisadi və regional təsirlərini də gündəmə gətirir.

Maraqlıdır görəsən, iki ölkə arasında müharibənin başlanması son mərhələdədir? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Əziz Əlibəyliyə ünvanladıq.

Tramp

Əziz Əlibəyli

Vəziyyətə baxsaq, burada üç əsas tərəfin olduğunu görürük: ABŞ tərəfi, İran tərəfi və prosesdən faydalanan digər qüvvələr. Bu baxımdan hər bir tərəfin mövqeyi qlobal mediada müxtəlif formatlarda təqdim olunur və informasiya savaşı açıq şəkildə müşahidə edilir. Hazırkı mərhələdə münaqişənin birbaşa və genişmiqyaslı hərbi toqquşmaya çevrilməsi inandırıcı görünmür.

Çünki belə bir ssenari hər iki tərəf üçün ciddi və idarəolunmaz nəticələr doğura bilər. Məsələn, İsrailin 12 gün davam edən hərbi əməliyyatları da göstərdi ki, tərəflər müharibəni uzatmağa meylli deyillər. Həmin əməliyyatların nəticələri ayrıca müzakirə mövzusudur, lakin fakt ondan ibarətdir ki, proses uzunmüddətli və həlledici müharibə mərhələsinə keçmədi.

Eyni zamanda nəzərə almaq lazımdır ki, İranın Rusiya və Çin kimi dövlətlərin siyasi dəstəyini alması ehtimalı da regionda balans faktorunu gücləndirir. İranın öz coğrafiyasından kənarda genişmiqyaslı müharibəyə cəlb olunması isə strateji baxımdan ciddi suallar doğurur.

Ümumilikdə isə, müxtəlif mənbələrdən əldə olunan məlumatlar göstərir ki, qlobal mediada gedən qarşıdurma xarakterli mesajlar daha çox informasiya təsiri yaratmağa hesablanıb və real hərbi eskalasiyadan çox, siyasi-psixoloji təzyiq aləti kimi istifadə olunur.

Aytən Yaşar/ Turkustan.az

Chosen
26
1
turkustan.az

2Sources