Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son dövrlər səhiyyə sistemində texnologiyadan istifadə sürətlə artsa da, bəzi xəstəxanalarda həkimlər hələ də kağız reseptdən istifadə edirlər.
Bu isə vətəndaşların dərmanlarını vaxtında və düzgün almağını çətinləşdirir. Həkimin yazdığı resepti oxuya bilməyən xəstələr dərmanlarını almaqda çətinlik çəkir, aptek işçiləri resepti başa düşsələr də, proses gecikir və xəstənin müalicəsi ləngiyir.
Elektron resept sisteminə tam keçidin gecikdirilməsi isə bu problemi daha da aktuallaşdırır və vətəndaşların gündəlik həyatında çətinliklər yaradır.
Elektron resept sisteminə tam keçid niyə gecikdirilir?
Mövzu ilə bağlı “Cebheinfo.az” –a Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzindən bildirilib ki, elektron resept sisteminə keçidin guya “gecikdirilməsi” barədə iddialar reallığı əks etdirmir:
“Hazırda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində reseptlərin yazılması prosesi tam şəkildə Elektron Resept Sistemi üzərindən həyata keçirilir və sistem aktiv tətbiq mərhələsindədir.
Digər dövlət qurumlarına məxsus və özəl tibb müəssisələrinin də sistemə inteqrasiyası istiqamətində ardıcıl iş aparılır, müvafiq tövsiyələr və sirkulyar məktublar göndərilib, texniki və metodiki dəstək göstərilir. Rəqəmsal transformasiya mərhələli şəkildə həyata keçirilən prosesdir və bütün iştirakçıların vahid platformada birləşdirilməsi müəyyən texniki və təşkilati uyğunlaşma tələb edir.
Bu isə gecikmə deyil, sistemin dayanıqlı və təhlükəsiz tətbiqinin təmin olunması məqsədi daşıyır. Tibb işçiləri, aptek təşkilatları və vətəndaşların məlumatlandırılması üçün Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında və digər media resurslarında mütəmadi maarifləndirmə aparılır, eyni zamanda həkimlər və aptek nümayəndələri üçün vebinarlar və təlim proqramları təşkil olunur.
Sistemin əlçatanlığının artırılması məqsədilə Nazirliyin rəsmi internet resurslarında — www.sehiyye.gov.az və www.e-health.gov.az — “Elektron Resept” bölməsinə birbaşa keçid mövcuddur. Vətəndaşlar həmçinin “Reseptim” mobil tətbiqi (App Store və Google Play platformaları) vasitəsilə öz reseptlərinə rahat çıxış əldə edə bilərlər”.
Qeyd edilib ki, elektron resept sistemi pasiyentlər üçün bir sıra üstünlüklər təqdim edir:
“Sistem yalnız dövlət qeydiyyatından keçmiş və qiymətlərin yuxarı həddi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilən dərman vasitələrinin təyin olunmasını təmin edir.
Pasiyentlər dərmanların daha münasib qiymətə alternativlərini sistem üzərindən seçə bilirlər. Həmçinin, resept tarixçəsi və dərmanların molekulyar tərkibi sistemdə görünür ki, bu da müalicənin davamlılığını və effektivliyini artırır. Vaxtı bitmiş və ya dövriyyədən çıxarılmış preparatların reseptə daxil edilməsi texniki olaraq mümkün deyil.
Sistemdə qəbul dozası və vaxtı ilə bağlı xatırlatma funksiyası mövcuddur ki, pasiyent dərman qəbulunu unutmasın. Qanunvericiliyə uyğun olaraq, hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron reseptin tərtib edilməsini tələb etmək hüququna malikdir.
Həkim və aptek təşkilatları da sistemdən istifadə etməklə şəffaf və nəzarət olunan dərman təchizatını təmin etməlidirlər. Elektron reseptin yazılmasından imtina və ya aptek tərəfindən dərman vasitələrinin sistem əsasında təqdim edilməməsi halları ilə bağlı vətəndaşlar 814 Çağrı Mərkəzinə və ya +994 55 531 38 28 WhatsApp xəttinə müraciət edə bilərlər.
Elektron Resept Sistemi səhiyyədə şəffaflığın, nəzarətin və pasiyent təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Nazirlik tərəfindən bu istiqamətdə ardıcıl və prinsipial tədbirlər davam etdirilir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.