EN

ABŞ İsrail münasibətləri təhlükədə deyil, amma daxildə fırtına qopar ŞƏRH

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Trampın tənqidi iki ölkə münasibətlərini deyil, daxili müzakirələri gücləndirə bilər”

ABŞ Prezidenti Donald Tramp deyib ki, İsrail Prezidenti İshaq Hersoq Baş nazir Benyamin Netanyahunu əfv etməkdən imtina edir:

"Bu adam özündən utanmalıdır".

İshaq Hersoq isə Trampa cavab olaraq bildirib ki, yadımda qalan ən yaxşı məlumata görə, İsrailin prezidenti mənəm.

Qeyd edək ki, Netanyahu Trampın birinci prezidentliyi zamanı başlayan üç ayrı işdə - fırıldaqçılıq, rüşvətxorluq və etibarın pozulması ittihamları ilə üzləşib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Trampın İsrail kimi ən yaxın müttəfiqlərindən birinin prezidentinin adını dünya mətbuatında bu şəkildə hallandırması və ona “özündən utanmalıdır” deməsi, şübhəsiz ki, iki ölkənin maraqları baxımından arzuolunan hal deyil:

"Həm İsrail, həm də Amerika Birləşmiş Ştatları hazırda elə bir geosiyasi vəziyyətlə üz-üzədir ki, xüsusilə Yaxın Şərq siyasətində tərəflər bir-birini dəstəkləmədən strateji hədəflərinə tam şəkildə nail ola bilməzlər.

Trampın siyasi üslubu isə əvvəlcədən tam proqnozlaşdırıla bilən deyil. Onun hər an nə deyəcəyini dəqiq müəyyənləşdirmək çətindir. Məhz buna görə onun açıqlamalarına konkret və sabit siyasi qiymət vermək də asan olmur. Hazırkı mərhələdə həm ABŞ daxilində, həm də beynəlxalq arenada bir çox aktorlar anlayırlar ki, Trampın səlahiyyət müddəti məhduddur və müəyyən zamandan sonra başa çatacaq. Bu baxımdan dövlətlər daha çox uzunmüddətli perspektivə, yəni ABŞ-da formalaşacaq növbəti siyasi rəhbərliklə münasibətlərin necə qurulacağına fokuslanırlar.

Buna görə də Trampın açıqlaması demək deyil ki, bir cümləyə görə İsrail-ABŞ münasibətləri dərhal pozulacaq və ya tərəflər arasında ciddi soyuqluq yaranacaq. Dövlətlərarası münasibətlər əsasən institusional və strateji maraqlara söykənir. Eyni məntiqlə, İsrail tərəfi də Trampın bu kimi sərt ifadələrini ümumi dövlət maraqları naminə müəyyən qədər görməzlikdən gələ bilər".

Ekspert əlavə edib ki, belə bəyanatlar İsrailin daxili siyasətində müəyyən təsirlər doğura bilər:

"Hər nə qədər ölkədə əsas icraedici səlahiyyətlər baş nazirin üzərində cəmləşsə də və hazırda bu vəzifəni Benyamin Netanyahu icra etsə də, prezident institutunun da siyasi və simvolik çəkisi var. Dövlət başçısına qarşı bu cür ifadələrin səsləndirilməsi daxili siyasi qüvvələr arasında rəqabəti gücləndirə bilər.

İsrail siyasətində müxtəlif ideoloji qruplar və maraq dairələri mövcuddur. Bir qisim siyasi qüvvələr Netanyahunun apardığı xətti dəstəkləyir və onun xarici siyasət kursunun davam etdirilməsində maraqlıdır. Digərləri isə müxalif mövqedə dayanaraq alternativ yanaşmalar irəli sürürlər. Bu baxımdan, Trampın açıqlaması müxalifət üçün əlavə arqumentə çevrilə və hakimiyyətin siyasətinin nəticəsi kimi təqdim oluna bilər. Yəni bu sözlər ikitərəfli münasibətləri kökündən dəyişməsə də, daxili siyasi müzakirələri daha da kəskinləşdirə və mövcud fikir ayrılıqlarını dərinləşdirə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
sherg.az

1Sources