EN

İradə Həsənova: Ümumdünya Şəhərsalma Forumu regionda ən irimiqyaslı tədbirlərdən biri olacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar elan olunub. BMT-nin müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar.

Bunu AZƏRTAC-a açıqlamasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma yalnız binaların tikintisi və yolların salınması ilə məhdudlaşmır. Şəhərsalma sosial, iqtisadi və ekoloji amillərin uzlaşdırıldığı kompleks planlaşdırma prosesidir. Xüsusilə iqlim dəyişikliyi, su çatışmazlığı və hava çirklənməsi kimi qlobal çağırışlar fonunda ekoloji normaların şəhər planlamasında prioritetə çevrilməsi zəruridir.

İradə Həsənova bildirib ki, şəhərlərdə parklar, ictimai bağlar və yaşıllıq zolaqları yalnız estetik məqsəd daşımır. Onlar havanı təmizləyir, istilik effektini azaldır və vətəndaşların sağlamlığına müsbət təsir göstərir:”Yeni yaşayış massivləri salınarkən minimum yaşıllıq normativləri qanunvericiliklə tənzimlənməlidir. Binaların istilik izoliyasiyası, alternativ enerji mənbələrindən (günəş panelləri, külək enerjisi) istifadə və enerji qənaətli texnologgiyaların tədbiqi həm ətraf mühitin qorunmasına, həm də uzunmüddətli iqtisadi qənaətə səbəb olur. Avtomobillərin sayının artması hava çirklənməsini gücləndirir. Odur ki, ekoloji şəhər modeli üçün metro, elektrik avtobusları, tramvay xətləri, velosiped yolları və piyada zonalarının genişləndirilməsi əsas şərtlərdəndir. Yağış sularının toplanması, təkrar istifadə sistemləri və müasir tullantı çeşidləmə mexanizimləri şəhərin ekoloji yükünü azaldır. Xüsusilə su ehtiyatlarının məhdud olduğu ölkələr üçün həmin istiqamət həyati əhəmiyyət daşıyır”.

İctimai Birlik sədri vurğulayıb ki, beynəlxalq şəhərsalma və ya dayanıqlı inkişaf formunun ölkəmizdə keçirilməsi bir neçə istiqamətdə müsbət nəticələr verə bilər. ”Bunlardan birincisi, beynəlxalq təcrübənin öyrənilməsidir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin iştirakı innovativ şəhər modellərinin və ekoloi həllərin tədbiqinə imkan yaradar. İkincisi, investisiya imkanlarının genişlənməsi mümkündür. Yaşıl enerji, ağıllı şəhər texnalogiyaları və ekoloji layihələr üzrə investorların diqqəti cəlb oluna bilər.

Üçüncüsü, regional əməkdaşlıq güclənə bilər. Cənubi Qafqaz və Xəzər regionu ölkələri ilə ortaq ekolojji problemlərin müzakirəsi və birgə strategiyaların hazırlanması mümkün olar. Dördüncüsü, forum çərçivəsində keçirilən tədbirlər, sərgilər və müzakirələr cəmiyyətin ekoloi düşüncəsinin formalaşmasına töhfə verər. Beşincisi, belə tədbirlər ölkənin dayanıqlı inkişaf və ekoloji məsuliyyət sahəsində mövqeyini gücləndirir, beynəlxalq nüfuzunu artırır”, - deyə o bildirib.

İradə Həsənova, həmçinin diqqətə çatdırıb ki, şəhərsalma gələcəyin həyat keyfiyyətini müəyyən edən əsas amillərdəndir:” Ekoloji normaların planlaşdırmanın mərkəzinə qoyulması həm insan sağlamlığını, həm də təbii resusların qorunmasını təmin edir. Beynəlxalq forumların keçirilməsi isə həmin prosesə təkan verən mühim platformadır. Dayanıqlı, yaşıl və insanyönümlü şəhərlər qurmaq üçün elmi əsaslı qərarlar, ictimai iştirak və siyasi iradə vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
2
azertag.az

3Sources