EN

Prezidentin rəqəmsal hədəfləri və ETN-in “Pilot” sükutu: Kadr hazırlığında nəyi gözləyirik?

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı müəyyən etdiyi hədəflər, əslində, dövlətimizin Dördüncü Sənaye İnqilabına tam hazırlıqlı daxil olmasının yol xəritəsidir. Bu gün rəqəmsallaşma sadəcə texnoloji yenilik deyil; bu, dövlət idarəçiliyində şəffaflıq, milli təhlükəsizlik və gələcəyin qurulması məsələsidir. Prezidentin də xüsusi vurğuladığı kimi, ən mükəmməl rəqəmsal infrastrukturu belə hərəkətə gətirən əsas qüvvə insandır. Kadr hazırlığının əsas vəzifə kimi önə çəkilməsi təhsil sistemimizin qarşısında təxirəsalınmaz tələblər qoyur və neft kapitalının intellektual kapitala çevrilməsi prosesinin ən strateji mərhələsini təşkil edir.

 

 

Lakin təəssüflə qeyd etməliyik ki, Elm və Təhsil Nazirliyinin (ETN) bu istiqamətdəki fəaliyyəti hələ də dövlət başçısının tələb etdiyi dinamikadan və müasir dünyanın çağırışlarından ciddi şəkildə geri qalır. Nazirlik tərəfindən icra olunan “Rəqəmsal bacarıqlar” kimi layihələr təqdirəlayiq olsa da, bunlar hələ ki, ümumi mənzərənin kiçik bir hissəsini əşkil edir və daha çox “pilot layihə” təsiri bağışlayır. Ölkənin minlərlə məktəbi, xüsusən də regionlardakı təhsil ocaqları hələ də müasir İT laboratoriyalarından, sürətli internetdən və ən əsası, rəqəmsal təfəkkürə sahib müəllim heyətindən məhrumdur. ETN-in kadr hazırlığı strategiyası kütləvi xarakter daşımalıdır; rəqəmsal savadlılıq sadəcə paytaxtın bir neçə “seçilmiş” məktəbində deyil, ucqar kəndlərimizdə də eyni keyfiyyətlə təmin olunmalıdır.

Orta məktəblərdə “İnformatika” dərsliklərinin məzmunu hələ də köhnə paradiqmaların əsiridir. Şagirdlərə alqoritmik düşüncə, süni intellektin təməlləri və kibertəhlükəsizlik əlifbası aşılanmalı olduğu halda, biz hələ də ibtidai kompüter bilikləri ilə kifayətlənirik. Ali təhsil pilləsində isə nazirliyin universitetlərlə əməkdaşlığı real sektorun tələblərinə cavab vermir. Əgər ali məktəbi bitirən gənc əmək bazarına daxil olduqda yenidən hazırlıq kurslarına ehtiyac duyursa, bu, tədris proqramları ilə real ehtiyaclar arasındakı koordinasiya uçurumunun bariz göstəricisidir.

Mövcud boşluqları doldurmaq və cənab Prezidentin müəyyən etdiyi hədəflərə çatmaq üçün Elm və Təhsil Nazirliyi aşağıdakı konkret addımları atmalıdır:

1. Milli Rəqəmsal Kurikulumun hazırlanması: “İnformatika” fənni I sinifdən etibarən ləğv edilməli, əvəzində beynəlxalq standartlara uyğun (məsələn, K-12 Computer Science Standards) rəqəmsal texnologiyalar və proqramlaşdırma kurikulumu tətbiq olunmalıdır. Dərsliklər hər il yenilənən dinamik rəqəmsal resurslarla əvəz edilməlidir.
2. “Rəqəmsal müəllim” sertifikasiyası: Yalnız İT müəllimləri deyil, bütün fənn müəllimləri üçün icbari rəqəmsal savadlılıq standartları müəyyən edilməlidir. Müəllimlərin sertifikasiya imtahanlarında rəqəmsal alətlərdən istifadə bacarığı əsas meyar kimi götürülməli və bu bacarığa görə əməkhaqqına əlavələr tətbiq olunmalıdır.
3. Regionların texnoloji bərabərliyi: “Rəqəmsal bacarıqlar” layihəsi pilot mərhələdən çıxarılmalı, dövlət proqramı statusu almalıdır. Ucqar kənd məktəblərinin yüksəksürətli internet və müasir avadanlıqla təminatı üçün xüsusi “Rəqəmsal İnfrastruktur Fondu” yaradılmalıdır.
4. Sənaye-Ali Təhsil Konsorsiumu: Universitetlərin İT fakültələri birbaşa texnologiya şirkətlərinin kuratorluğuna verilməlidir. Tədris proqramları bazarın real tələblərinə uyğun olaraq hər 2 ildən bir yenilənməli, tələbələrin son iki ili müəssisələrdə praktiki iş mühitində keçməlidir.
5. Beynəlxalq akreditasiya və beyin axınının qarşısının alınması: Yerli ali məktəblərin proqramları beynəlxalq akreditasiyadan keçməli, eyni zamanda xaricdə təhsil alan mütəxəssislərin ölkəyə qayıdıb strateji rəqəmsal layihələrdə yüksək maaşla işləməsini təmin edən “Geri Dönüş” stimul paketləri hazırlanmalıdır.

Nəticə etibarilə, Elm və Təhsil Nazirliyi hesabat xarakterli statistik rəqəmlərdən və parlaq təqdimatlardan real, köklü islahatlara keçməlidir. Kadr hazırlığı sadəcə diplom vermək deyil, dövlətin rəqəmsal suverenliyini qoruyacaq “beyin ordusu” yetişdirməkdir. Prezidentin xəbərdarlığı ETN üçün ciddi bir siqnal olmalıdır: təhsil sistemi “istifadəçi” deyil, “yaradıcı” nəsillər yetişdirmək üçün rəqəmsal transformasiyanın mərkəzinə çevrilməli, gələcəyin ixtisasları üzrə dövlət sifarişi və xaricdə təhsil prioritetləri yenidən müəyyənləşdirilməlidir. Bu, Azərbaycanın gələcək qüdrətinin rəqəmsal təminatıdır.


Şəmsi Qoca

Chosen
104
2
veteninfo.az

3Sources