Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan görmə qabiliyyətini itirib.
ONN media xəbər verir ki, bu barədə onun vəkili və ailə üzvləri məlumat verib.
İmran Xan 2023-cü ildən həbsdədir. Vəkili Salman Safdar bu həftə keçmiş baş naziri ziyarət edib və daha sonra Pakistan Ali Məhkəməsinə ərizə təqdim edərək müvəkkilinin müalicəsinin təmin olunmasını tələb edib.
Cümə axşamı İslamabadda keçirilən mətbuat konfransında Safdar bildirib ki, "O, bir gözündə görmə qabiliyyətini itirib".
Vəkil həmçinin əlavə edib ki, Xanın gözləri daim sulanır və o, qıcıqlanma və görmə problemlərindən şikayətlənir.
Xanın oğlu Qasım Xan iddia edir ki, atasının vəziyyəti həbsdə olduğu müddətdə lazımi tibbi yardımdan qəsdən məhrum edilməsinin nəticəsidir.
Cümə axşamı açıqlama verən Qasım Xan deyib: “Bütün məsuliyyət tamamilə hakim rejimin, ordu komandanlığının və bu haqsızlığa qarışmış kuklaların üzərinə düşür”.
Qeyd edək ki, İmran Xan 2018-ci ildə baş nazir seçilib, 2022-ci ildə isə parlament səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ildə isə müxtəlif ittihamlarla həbs olunub.