EN

Çantaya sığmayan yük: Uşaqların çiynini və zehnini yoran TƏHSİL SİSTEMİ

Səhərin erkən saatlarıdır. Küçədə məktəbə tələsən uşaqlar görünür. Bəziləri hələ yuxuludur, bəziləri dostları ilə danışa-danışa gedir. Amma hamısının kürəyində bir ortaq “yük” var — ağır məktəbli çantası. O çantalar təkcə kitablarla deyil, uşaqların yorğunluğu, stressi və bəzən də itirilmiş uşaqlıq sevinci ilə doludur. Hər addımda çantanın çəkisi uşağın çiyninə, belinə və ruhuna bir az da basqı edir.

Bir çox valideyn səhər övladının çantasını qaldıranda təəccüblənir: “Bu uşaq bunu necə daşıyır?” Amma zaman azdır, məktəb gözləyir, dərslər var. Uşaq ağır çantasını çiyninə keçirib yola düşür. O isə hələ formalaşmaqda olan bədəni ilə bu yükü daşımağa məcbur qalır. Bəzən bu yük onun öz çəkisinin dörddə birinə qədər çatır. Bu isə sadəcə fiziki məsələ deyil, gələcək sağlamlığın təməlini sarsıdan ciddi problemdir.

Azərbaycanda dərs proqramlarının getdikcə ağırlaşması, dərslik və əlavə vəsaitlərin çoxalması məktəbli çantalarının da “şişməsinə” səbəb olub.

Bir ibtidai sinif şagirdi bəzən gündə 5–7 kitab, dəftər, atlas, iş dəftəri və əlavə material daşımalı olur. Üstəlik idman geyimi, yemək qabı, su qabı və digər əşyalar da bu çantaya əlavə edilir. Nəticədə balaca bir uşağın çiynində böyük bir məsuliyyət formalaşır.

Fuad Hacıyev

Bu mövzu ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev problemin kökünə diqqət çəkir.

Onun sözlərinə görə, məsələ təkcə çantanın ağır olmasında deyil, ümumilikdə tədris sisteminin düzgün qurulmamasındadır:

“Biz hələ də şagirdi mərkəzə qoyan sistem formalaşdıra bilməmişik. Dərslər elə planlaşdırılır ki, uşaq hər gün bütün vəsaitləri özü ilə daşımalı olur. Halbuki məktəbdə şkaflar, alternativ materiallar və ya elektron resurslar olsa, bu problem xeyli azalardı. Uşağın sağlamlığı dərs proqramından üstün olmalıdır.”

Ekspert bildirir ki, bir çox ölkələrdə artıq illərdir şagirdlər kitablarını məktəbdə saxlayır, evə yalnız lazım olan materialları aparırlar:

“Azərbaycanda isə hələ də köhnə model davam edir. Bu da uşaqlar üçün əlavə fiziki və psixoloji yük yaradır. Məktəblər də bu məsələdə daha fəal rol almalıdır. Dərs cədvəllərinin balanslı qurulması, lazımsız təkrar materialların azaldılması, şagirdlər üçün şəxsi dolabların yaradılması və elektron resursların tətbiqi problemin həllində mühüm addım ola bilər.

Valideynlər isə uşaqların çantalarını mütəmadi yoxlamalı, lazımsız əşyaları çıxarmalı və düzgün çanta seçiminə diqqət yetirməlidirlər.

Məktəbli çantasının ağırlığı sadəcə gündəlik narahatlıq deyil, cəmiyyətin gələcəyinə təsir edən sosial problemdir. Ağır çanta uşağın belini əyir, enerjisini azaldır, məktəbə olan həvəsini zəiflədir.

Sağlam uşaq olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil. Təhsil sistemi uşağın çiyninə yük qoymaq üçün yox, onun yolunu yüngülləşdirmək üçün mövcud olmalıdır”.

Ağır çantaların təsiri təkcə dərs zamanı yorğunluqla bitmir. Bu yük uşağın bədənində illərlə iz buraxa bilər.

Adil Qeybulla

Tanınmış həkim Adil Qeybulla bu məsələnin tibbi tərəfini NOCOMMENT.az-a belə izah edir:

“Uşaqlıq dövrü onurğanın formalaşdığı ən vacib mərhələdir. Bu dövrdə davamlı ağır yük daşımaq onurğa əyriliklərinə, duruş pozuntularına, boyun və bel ağrılarına səbəb ola bilər. Bu problemlər bəzən illər sonra daha ciddi fəsadlarla üzə çıxır”.

Həkimin sözlərinə görə, ağır çantalar uşaqlarda çiyinlərin qeyri-bərabər inkişafına, əzələ gərginliyinə, tez yorulmaya və hətta baş ağrılarına gətirib çıxara bilər:

“Beynəlxalq tibbi tövsiyələrə əsasən, məktəbli çantasının çəkisi uşağın bədən çəkisinin 10–15 faizindən artıq olmamalıdır. Azərbaycanda isə bu göstərici çox vaxt iki dəfə artıq olur. Bu fiziki yüklə yanaşı, psixoloji təsirlər də az deyil. Hər gün ağır çanta ilə məktəbə gedən uşaq zamanla məktəbi yorucu bir məkan kimi qəbul etməyə başlayır. Dərs onun üçün maraq mənbəyi yox, yük mənbəyinə çevrilir. Nəticədə motivasiya azalır, diqqət dağılır, məktəbdən uzaqlaşma halları yaranır. Xüsusilə aşağı siniflərdə bu hal uşağın gələcək təhsil münasibətinə ciddi təsir göstərə bilər”.

Tunar
NOCOMMENT.az

Chosen
125
nocomment.az

1Sources