ain.az, Hurriyyet portalına istinadən məlumat verir.
"Dünən "Bloomberg" xəbər agentliyi İranın Ali Lideri ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei barədə ötən ayın sonlarında dərc etdiyi sensasiyalı hesabatın nəticəsi ilə bağlı geniş əks-səda doğuran bir məlumat yayıb. Agentliyin mötəbər mənbələrə istinadla bildirdiyinə görə, məşhur "Hilton" ümumdünya holdinqlər şirkəti Almaniyanın Frankfurt şəhərində yerləşən və "Hilton" şəbəkəsinə aid olan bir hotel barədə daxili araşdırma aparır. Araşdırmanın nəticəsindən asılı olaraq, hotelin əsl sahibi və benefisiarının müəyyən edilməsi yolu ilə idarəetmə müqaviləsinə xitam verilib-verilməməsi məsələsi gündəmdə durur".
Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Sözügedən hotel 2011-ci ildən etibarən əmlakın sahibi olan bir Almaniya şirkəti tərəfindən uzunmüddətli müqavilə əsasında idarə olunur. Lakin "Bloomberg"in qeyd olunan hesabatında "Hilton Frankfurt Qravenbrux" mehmanxanasının, əslində, Müctəba Xameneiyə məxsus olduğu aşkarlanıb və bu üzdən ABŞ-də yerləşən hotel operatoru həmin mehmanxananı idarə etməyə davam etməyin onu sanksiya risklərinə məruz qoyub-qoymayacağını araşdırmaqla məşğuldur.
Xatırladaq ki, Müctəba Xamenei 2019-cu ildən bəri ABŞ sanksiyaları altındadır. Agentlik vurğulayıb ki, ABŞ şirkəti olan "Hilton" ona aid hotellərin harada yerləşməsindən asılı olmayaraq, ABŞ-nin sanksiya qanunlarına tabedir. Əlbəttə, "Hilton"un şaxələndirilmiş əməliyyatları nəzərə alınarsa, bununla bağlı risklər maliyyə xarakterli olmaqdan daha çox, reputasiya və nüfuz məsələsidir", - deyə materialda bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.