EN

ABŞ-Rusiya arasındakı böyük sazişin müddəti niyə uzadılmadı? - AÇIQLAMA

Rusiya və ABŞ arasında strateji nüvə silahlarını məhdudlaşdıran sonuncu böyük saziş olan “Yeni START" müqaviləsinin müddəti başa çatıb. Tərəflər arasında isə bu istiqamətdə hazırda yeni öhdəliklər götürülməyib. Bu vəziyyət iki ölkənin nüvə silahlanması yarışına girmə ehtimalını artırır.

 

Siyasi ekspert Abutalib Səmədov Pravda.az-a açıqlamasında bildirib ki, Rusiya dəfələrlə yeni müqavilənin imzalanması barədə təklif etsə də, ABŞ razılaşmayıb:

 

“ABŞ tələb edib ki, bu dəfə müqavilə iki ölkə arasında deyil, Çin Xalq Respublikası da daxil olmaqla, üç ölkə arasında imzalansın. Ancaq bunu da Çin qəbul etmədi. Çünki ABŞ-nin 6 minə yaxın nüvə başlıqları varsa, Çində cəmi 500-ə yaxın belə silah var. Çin 500 nüvə başlığına malik dövlət kimi bu danışıqlarda iştirak edirsə və malik olduğu nüvə arsenalını çoxaltmamaq öhdəliyi götürürsə, eyni öhdəliyi Fransa da götürməlidir. Çünki onun da 300-ə yaxın nüvə başlığı var. Həmçinin bir sıra ölkələr də bu vəziyyətdədir. Üstəlik Çin sürətlə nüvə başlıqlarının sayını artırmağa çalışır, görünür, bu da ABŞ-ni narahat edir. Onun tələbləri qəbul olunmadığına görə yeni müqavilə imzalamaq mümkün olmayıb. Ancaq çox güman ki, yaxın zamanlarda bu istiqamətlərdə müəyyən nəticələrə nail olmaq mümkün olacaq. Çünki həm Rusiya, həm də ABŞ yarışa girmək və öz nüvə arsenalını artırmaq barədə qərar vermək istəmirlər. Çünki bu böyük xərc tələb edir və nə Rusiyanın buna gücü var, nə də ABŞ-nin indiki adminstrasiyası nüvə arsenalını sürətlə artırmaq barədə düşünür. Hər halda verilən bəyanatlar bunu göstərir. Yeri gəlmişkən, iki ölkə təmsilçiləri arasında danışıqlar davam etdirilir və ümid edirik ki, yaxın zamanlarda strateji hücum silahları barədə yeni razılığa gəlmək mümkün olacaq”.

 

Qeyd: Qüvvədə olan son nüvə sazişi 2010-cu ildə Praqada ABŞ-nin sabiq prezidenti Barak Obama və Rusiyanın ozamankı lideri Dmitri Medvedev tərəfindən imzalanmışdı.

 

Şəhanə Quliyeva

Tarix: 13 Fevral 2026, 15:58   
Chosen
104
pravda.az

1Sources