"Bakıda baş tutan görüş, yəni İlham Əliyev ilə J. D. Vance arasında keçirilən geniş tərkibli danışıqlar təkcə protokol xarakterli diplomatik hadisə deyil, həm də Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirən siyasi hadisə kimi qiymətləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, xüsusilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması perspektivi və Vaşinqtonun sülh prosesində rolunun açıq şəkildə vurğulanması bu səfərin simvolik deyil, praktiki nəticələrə hesablandığını göstərir: "Son illər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxvektorlu xəttin davam etdirilməsini zəruri edib. ABŞ administrasiyasının yüksək səviyyədə Bakıya diqqət göstərməsi bir tərəfdən regionda artan rəqabət fonunda Vaşinqtonun mövqelərini möhkəmləndirmək istəyi ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanın artan strateji əhəmiyyəti ilə izah olunur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və Orta Dəhliz perspektivi Qərbin Cənubi Qafqaza marağını ciddi şəkildə artırıb. Sülh gündəliyinə gəldikdə isə, Azərbaycan–Ermənistan münasibətlərində əldə olunan irəliləyişlər beynəlxalq aktorların maraq dairəsindədir. ABŞ Prezidentinin vasitəçilik rolunun qabardılması Vaşinqtonun regionda diplomatik təsir imkanlarını nümayiş etdirmək cəhdi kimi də qiymətləndirilə bilər. Lakin burada əsas məqam ondan ibarətdir ki, Bakı öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq platformalarda sülh təşəbbüslərinə açıq olduğunu göstərir. Bu, Azərbaycanın siyasi legitimliyini və beynəlxalq nüfuzunu gücləndirən faktordur. Eyni zamanda, danışıqlarda yüksək texnologiyalar, süni intellekt, data mərkəzləri və nəqliyyat dəhlizləri kimi məsələlərin yer alması göstərir ki, münasibətlər artıq yalnız təhlükəsizlik və enerji çərçivəsində deyil, iqtisadi transformasiya kontekstində də dərinləşir. Bu isə Azərbaycanın uzunmüddətli inkişaf strategiyası baxımından əhəmiyyətlidir. Qlobal rəqəmsallaşma dövründə texnoloji əməkdaşlıq ölkənin iqtisadi modelinin şaxələndirilməsinə real töhfə verə bilər. Bununla yanaşı, Bakı üçün əsas vəzifə yeni əməkdaşlıq mərhələsini digər əsas tərəfdaşlarla münasibətlərə zərər vermədən idarə etməkdir. Azərbaycan indiyədək həm Qərb, həm Türkiyə, həm də digər regional güclərlə münasibətlərdə balans siyasətini qoruyub. ABŞ-la əlaqələrin yüksəlməsi bu balansın pozulması anlamına gəlməməli, əksinə, ölkənin manevr imkanlarını genişləndirməlidir.
Ümumilikdə, bu görüşü Azərbaycan–ABŞ münasibətlərinin institusional çərçivəyə keçidi və regional sülh arxitekturasında yeni dinamikanın formalaşması kimi dəyərləndirmək olar. Əgər imzalanacaq sənədlər real iqtisadi və siyasi mexanizmlərlə müşayiət olunarsa, qarşıdakı illərdə tərəfdaşlıq daha sistemli və strateji xarakter ala bilər".