EN

“Vətəndaşın şikayət mexanizmi sürətli və effektiv olmalıdır” DEPUTAT DANIŞDI

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Əgər “xalqın marağı” və ya “dövlətin marağı” anlayışları konkret meyarlarla izah olunmursa, icraçı orqan sabah istənilən qərarı bu pərdə ilə əsaslandıra bilər”.

Gununsesi.info  xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu günki iclasında çıxışı zamanı deyib:

“Bir məmur “dövlət marağı belə tələb edir” deyib biznesin fəaliyyətini məhdudlaşdırır, digəri “xalqın mənafeyi belədir” deyib eyni məsələyə tam başqa qərar verir. Nəticə nə olur? Eyni qaydaya tabe olmalı olan bazarda fərqli tətbiqlər yaranır. Bu isə hüquqi bərabərlik prinsipini sarsıdır, həm də korrupsiya və sui-istifadə riskini artırır. Investorun ən çox qorxduğu şey də məhz budur: sabahın qaydasının bu gündən bilinməməsi.

Sual olunur: bu, investorları qaçıra bilərmi? Açıq deyim: tək bir maddə deyil, məhz bu tip “qeyri-müəyyən anlayışlar” investorun qərarını dəyişən əsas faktordur. Çünki investor pul yatıranda sabahı da düşünür: mülkiyyət hüququnun qorunacağına, müqavilənin işləyəcəyinə, mübahisənin ədalətli və proqnozlaşdırıla bilən qaydada həll olunacağına inanmalıdır. Qanunda sərhədlər bulanıqdırsa, investor bunu belə oxuyur: “sabah qayda dəyişə bilər, sabah mənim hüququm ‘ictimai maraq’ adı ilə daraldıla bilər, sabah qərar subyektiv ola bilər.” Bu isə kapitalın təbiətinə ziddir: kapital riskli mühitdən qaçır, daha sabit hüquqi mühitə gedir.

Digər ciddi risk də budur: belə qeyri-müəyyən məfhumlar məhkəmə yükünü artırır. Çünki tərəflər norma deyil, normanın “niyyətini” mübahisələndirməyə başlayır. Hüquq “məncə” ilə işləməməlidir. Dövlət üçün də zərər burdadır: dövlətin gücü sərt sözlərdə yox, aydın qaydada olur. Aydın qayda həm vətəndaşı qoruyur, həm dövlətin nüfuzunu artırır, həm də icraçını məsuliyyətli edir.

Ona görə təklifim prinsipialdır: sənəddə “xalq”, “dövlət”, “ictimai maraq” kimi anlayışlar varsa, mütləq hüquqi tərif verilməlidir və bu təriflər konkret meyarlarla bağlanmalıdır: hansı halda, hansı prosedurla, hansı əsaslandırma ilə, hansı müddətdə, hansı apellyasiya hüququ ilə”.

Deputat qeyd edib ki, hər qərarın məcburi yazılı əsaslandırması olmalıdır:

“Biznesin və vətəndaşın şikayət mexanizmi sürətli və effektiv olmalıdır. Əks halda qanunun “məqsədi” yaxşı ola bilər, amma nəticəsi ziyanlı olar: qeyri-müəyyənlik, selektiv tətbiq, risk artımı və investisiya axınının zəifləməsi.

Biz “dövlət” sözünü çox işlətməklə deyil, dövlətin hüquqi keyfiyyətini yüksəltməklə güclənirik. Gəlin bu sənədi elə dəqiqləşdirək ki, nə vətəndaş qorxsun, nə məmur özbaşına hərəkət edə bilsin, nə də investor “bu bazar proqnozlaşdırılan deyil” deyib geri çəkilsin”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
icma.az

3Sources