EN

Rusiya ABŞ ilə bağlı planlarını dəyişir

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya ABŞ ilə dollar əsaslı ticarətə qayıtmağı planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, “Bloomberg” agentliyinin iddiasına görə, Rusiya Ukrayna müharibəsi başa çatdıqdan sonra ABŞ ilə iqtisadi münasibətləri yenidən başlatmaq üçün genişmiqyaslı plan hazırlayıb.

Plana əsasən, Moskva enerji, aviasiya, təbii sərvətlər və yüksək texnologiyalar kimi sahələrdə Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bildirib.

Agentlik qeyd edir ki, sözügedən plan Kreml tərəfindən hazırlanmış yeddi maddəlik “yüksək səviyyəli memorandum”dur.

Sənəddə Ukrayna böhranının həllindən sonra iki ölkənin iqtisadi maraqlarının kəsişə biləcəyi sahələr sadalanır.

“Bloomberg”in məlumatına görə, memorandum daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən gündəmə gətirilən “Kirill Dmitriyev Planı” kimi tanınır.

Zelenski əvvəlki açıqlamasında bu planın 12 trilyon dollar dəyərində sazişləri əhatə edə biləcəyini bildirmişdi.

Kirill Dmitriyev Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Kremlə yaxınlığı ilə tanınan fiqurdur. Dmitriyev daha əvvəl Rusiya-ABŞ münasibətlərinin normallaşdırılması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edib.

Nəşrin əldə etdiyini iddia etdiyi sənədə görə, Rusiyanın ABŞ-yə təqdim etdiyi əməkdaşlıq təklifləri aşağıdakı istiqamətləri əhatə edir:

*Rusiya aviasiya parkının modernləşdirilməsi üçün uzunmüddətli müqavilələr və ABŞ şirkətlərinin Rusiya istehsalında iştirakı

*Neft hasilatı və LNG (mayeləşdirilmiş təbii qaz) istehsalı üzrə birgə müəssisələr

*Daha əvvəl Rusiyada investisiya etmiş ABŞ şirkətlərinin keçmiş zərərlərinin kompensasiyası imkanı

*Rusiya istehlak bazarına qayıdacaq ABŞ şirkətləri üçün güzəştli şərtlər

*Nüvə enerjisi və süni intellekt sahəsində əməkdaşlıq

*Litium, mis, nikel, platin kimi strateji xammallar üzrə birgə fəaliyyət

*Rusiya enerji resurslarının ticarətində dollar əsaslı ödəniş sisteminə dönüş.

Memorandumda diqqət çəkən digər məqam fosil yanacaqların qlobal istifadəsinin müdafiəsi ilə bağlı ABŞ ilə birgə mövqe təklifidir. 

Nəşrin iddiasına görə, Rusiya Çin və Avropanın maraqlarına uyğun olan aşağı karbon emissiyası siyasətinə və iqlim qoruma ideologiyasına qarşı ABŞ ilə birlikdə hərəkət etməyi təklif edir.

Rusiyanın aparıcı xarici siyasət ekspertlərindən biri, “Rusiya Qlobal Siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov agentliyin xəbərini şərh edib.

Lukyanov belə bir sənədin mövcud olmasının təəccüblü olmayacağını bildirərək deyib:

“Belə bir sənədin olmasına heç təəccüblənmərəm və bunu qəribə saymaram”.O vurğulayıb ki, memorandumun məzmununda sensasion bir məqam yoxdur:

“Mövcud şəraitdə Rusiyanın Qərb ölkələri, xüsusilə Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin demək olar ki, tam çökməsi fonunda ABŞ ilə çoxşaxəli əməkdaşlıq ideyası inqilabi görünür. 

Halbuki sənədə baxdıqda, əsasən əvvəllər mövcud olmuş, bəlkə də daha geniş layihələrin təklif edildiyi görünür.

Lakin bütün bunların müzakirəsinə başlanmasının əsas şərti Ukraynada siyasi və hərbi həllə nail olunmasıdır. Təəssüf ki, bunun hələ üfüqdə göründüyünü demək çətindir”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
93
1
cebheinfo.az

2Sources