Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə Macarıstan səfirini XİN-ə çağırması Ukraynanın Macarıstana qarşı düşmən münasibətinin növbəti sübutudur.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, nazir bu barədə Macarıstanın "Magyar Nemzet" nəşrinə açıqlamasında danışıb.
Siyartonun sözlərinə görə, Ukrayna tərəfi Macarıstan hökumətinin ölkəni “düşmən” adlandırmasına etiraz etsə də, Kiyevin son addımları əksini göstərir. O bildirib ki, Ukrayna siyasi səbəblərdən Rusiya neftinin “Drujba” neft kəməri vasitəsilə tranzitinin bərpasına icazə vermir. Macarıstan XİN rəhbəri hesab edir ki, bu qərar ölkənin enerji təhlükəsizliyini risk altına qoyur və eyni zamanda Macarıstanda keçiriləcək parlament seçkilərinə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, ittifaqa qəbul şərtlərini Ukrayna deyil, təşkilata üzv dövlətlər müəyyən edir. Orbanın bu açıqlaması Zelenskinin Ukraynanın Aİ-yə qəbulunun konkret tarixinin açıqlanması ilə bağlı çağırışına cavab olaraq səsləndirilib.