ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb. O, səfər öncəsi jurnalistlərə açıqlamasında beynəlxalq sistemin ciddi transformasiya mərhələsinə daxil olduğunu bildirib.
Rubionun sözlərinə görə, dünya artıq onun böyüdüyü dünya deyil və yeni geosiyasi reallıq formalaşır: “Dünyanın çox sürətlə dəyişdiyini görürük. Köhnə dünya artıq yoxdur, biz yeni geosiyasi dövrdə yaşayırıq. Bu isə hamımızdan rolumuzu yenidən nəzərdən keçirməyi tələb edir".
Dövlət katibi fevralın 14-də Münhenə gələcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün mümkün olduğunu desə də, bunun baş tutacağına “yüz faiz” əmin olmadığını vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə bildirib ki, o da Rubio ilə görüş gözləyir və ABŞ-la yüksək səviyyəli təmasların davam etdirilməsində maraqlıdır.
Sibiqanın sözlərinə görə, müharibənin dayandırılmasında əsas rol Vaşinqtona məxsusdur: “Müharibəni yalnız Tramp, Amerika tərəfi bitirə bilər.”
Rubio isə Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumlarını xatırladaraq qeyd edib ki, Vaşinqtonun sülh təşəbbüslərini davam etdirməsinin əsas səbəbi məhz budur.
Onun sözlərinə görə, qışın ən sərt dövründə yüz minlərlə insan istilik və işıqsız qalıb: “İnsanlar əziyyət çəkir. İlin ən soyuq vaxtıdır. Əziyyəti təsəvvür etmək belə mümkün deyil".
Təşkilatçıların məlumatına görə, builki Münhen Təhlükəsizlik Konfransı indiyədək keçirilən ən böyük tədbirdir. Konfransda mindən çox nümayəndə, təxminən 50 hökumət başçısı və aparıcı diplomat iştirak edir.
Tədbir qlobal gərginlik fonunda keçirilir. ABŞ-nin İrana mümkün hava zərbələri ehtimalı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ilinə yaxınlaşması və NATO daxilində transatlantik münasibətlərlə bağlı qeyri-müəyyənliklər əsas müzakirə mövzularıdır.
Konfrans ərəfəsində keçirilən tədbirdə Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu də diqqətçəkən açıqlama verib.
Onun fikrincə, Avropa müdafiə sahəsində daha müstəqil olmalı, NATO isə “avropalaşdırılmalıdır”. Barrozu Ukraynanın NATO-ya üzvlüyünü real saymadığını bildirib: “Düzü, onlar NATO üzvü olmayacaqlar. Amma Avropa İttifaqının üzvü ola bilərlər. Gəlin bir yolunu tapaq.”
Fevralın 13-də Almaniya kansleri Fridrix Merts konfransı rəsmən açacaq. Onun çıxışının sonrakı müzakirələrin tonunu müəyyənləşdirəcəyi gözlənilir.
Merts son bəyanatlarında Rusiyanın təcavüzü və Vaşinqtonun NATO-ya bağlılığı ilə bağlı qeyri-müəyyənlik fonunda Avropanın hərbi gücünü artırmasının vacibliyini vurğulayıb.
O, yanvar çıxışlarından birində bildirmişdi ki, Avropanın səsi yalnız “güc siyasətinin dilini mənimsədikdə və Avropa özü gücə çevrildikdə” eşidiləcək.
Tədbir “Gərgin dünyada körpülər salmaq” adlı səhər müzakirəsi ilə başlayacaq. Ardınca “Güc olmadan qaydalar? Avropanın geostrateji imkanlarının inkişafı” paneli keçiriləcək.
Günün əsas müzakirəsi isə “Qırılma nöqtəsi: İslahat və dağıntı arasında beynəlxalq düzən” adlanır.
Rubio isə Münhenə yola düşməzdən əvvəl bildirib ki, narahat avropalılara verəcəyi mesajın müsbət qarşılanacağına əmindir. Dövlət katibini ABŞ senatorlarından ibarət geniş, ikipartiyalı nümayəndə heyəti müşayiət edir.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.