EN

Paşinyan tələsir: Sülh sazişi seçkiyə qədər imzalanacaq?

Regionda formalaşmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyinin taleyi yenidən aktuallaşıb. Rəsmi İrəvanın son açıqlamaları göstərir ki, proses artıq bəyanatlar mərhələsindən konkret qərar mərhələsinə keçmək üzrədir. Lakin əsas sual ondan ibarətdir ki, bu bəyanatlar nə dərəcədə səmimidir və sülh prosesi faktiki olaraq hansı mərhələdədir?

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın səsləndirdiyi fikirlər real addımlarla müşayiət olunarsa, bu, regionda sabitlik baxımından müsbət qiymətləndirilməlidir:

“Ermənistan rəhbərliyi nəhayət bölgədə yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb. Əgər sülh sazişinin mətni üzrə danışıqlar başa çatıbsa və sənəd imzalanma mərhələsinə keçibsə, bu, artıq geri dönüşü olmayan proses kimi dəyərləndirilə bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edir. Çünki uzanan qeyri-müəyyənlik və qarşıdurma vəziyyəti ən çox İrəvanın siyasi və iqtisadi mövqelərinə zərbə vurur.

Azərbaycan üçün sülh müqaviləsinin bu gün və ya müəyyən müddət sonra imzalanması prinsipial fərq yaratmır. Rəsmi Bakı postmünaqişə mərhələsində öz strateji hədəflərini təmin edib və regional təşəbbüslərdə əsas söz sahibidir. Lakin Ermənistan üçün hər ötən gün yeni risklər və daxili təzyiqlər deməkdir. Xüsusilə kommunikasiyaların açılması və iqtisadi əlaqələrin normallaşması perspektivi Ermənistan cəmiyyəti üçün real sosial-iqtisadi dividendlər vəd edir”.

Aydın Quliyev hesab edir ki, Paşinyanın sülh sazişinin imzalanmasını parlament seçkilərindən əvvəl gündəmə gətirməsi təsadüfi deyil:

“Ermənistanın baş naziri sülh prosesini öz siyasi gələcəyi ilə paralel aparır və beynəlxalq dəstək faktorunu nəzərə alır. Qərb dairələrinin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının mövqeyi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ermənistan rəhbərliyi anlayır ki, seçkilər ərəfəsində daxili və xarici təzyiqlər fonunda prosesi uzatmaq əlavə risklər yarada bilər.

Eyni zamanda, bölgədə maraqları olan digər güclərin, o cümlədən Rusiyanın prosesə münasibəti də nəzərə alınmalıdır. Bu amil Paşinyanı daha çevik və tələsik qərar verməyə sövq edən faktorlardan biri kimi qiymətləndirilə bilər.

Beləliklə, sülh prosesi hazırda siyasi iradənin real hüquqi nəticəyə çevrilməsi mərhələsindədir. Əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəlikləri praktik addımlarla təsdiqləməsidir. Azərbaycan isə prinsipial mövqeyini qoruyaraq davamlı və dayanıqlı sülhün təmin olunmasını əsas prioritet kimi saxlayır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
103
editor.az

1Sources