EN

Nəslinin kəsildiyi düşünülürdü - Təsadüfən rast gəldilər

BAKI, 13 fevral. TELEQRAF

Balıqçılar İspaniyanın şərq sahilləri yaxınlığında təsadüfən nəhəng ağ köpəkbalığını (Carcharodon carcharias) tora salıblar. Əvvəllər həmin bölgədə bu növün nəslinin kəsildiyi düşünülürdü.

Teleqraf xəbər verir ki, “The Mirror” məlumat yayıb.

Növün uzunluğu təxminən 210 sm, çəkisi 80-90 kq-dır.

Elm adamlarının fikrincə, bu hadisə Aralıq dənizində sözügedən növün çoxalmasının mümkün bərpasına işarə edə bilər. Əvvəllər hesab edilirdi ki, nəhəng ağ köpəkbalıqları bu bölgədə digər dənizlərdən nadir hallarda daxil olan ayrı-ayrı fərdlər istisna olmaqla, faktiki olaraq yox olub.

Tədqiqatçılar hadisədən sonra 1862-2023-cü illəri əhatə edən məlumatları təhlil ediblər. Araşdırmanın nəticələrinə görə, Aralıq dənizində nəhəng ağ köpəkbalığının populyasiyası son dərəcə nadir və zəif öyrənilmiş hesab edilir, amma tamamilə məhv olmayıb.

Hazırda bu növ Qırmızı Kitabda “həssas” statusuna malikdir, belə köpəkbalıqlarının sayı azalmaqda davam edir.

Tədqiqatın rəhbəri doktor Xose Karlos Baez bildirib ki, məhz gənc fərdlərin aşkarlanması xüsusi əhəmiyyətə malikdir. Elm adamının sözlərinə görə, bu növün nümayəndələrinin üzə çıxması bölgədə aktiv çoxalmanın mümkün olub-olmaması sualını gündəmə gətirir.

Həmçinin alimlər deyirlər ki, bu cür hallar hələ də istisna xarakter daşıyır və Aralıq dənizində bu növün nə qədər nadir olduğunu bir daha təsdiqləyir.

Tədqiqatçılar regionda böyük ağ köpəkbalıqlarının biologiyasını daha yaxşı anlamaq üçün uzunmüddətli monitorinq proqramlarının vacibliyini qeyd edirlər. Təsadüfi müşahidələrin müasir izləmə texnologiyaları ilə inteqrasiyası bu yırtıcının qorunması üçün effektli strategiyaların hazırlanmasına kömək edə bilər.

Beezin dediyinə görə, iri dəniz heyvanları dəniz ekosistemlərində fundamental rol oynayır. Köçə meylli pelagik növlər kimi, onlar enerji və qida maddələrini böyük məsafələr üzrə paylayırlar. Nəhəng ağ köpəkbalıqları həmçinin “təbiətin sanitarları” rolunu oynayır: leşlə qidalanaraq ekosistemlərin təmizliyini qoruyurlar. Hətta ölümündən sonra belə, dənizin dibinə çökən bədənləri dərinliklərdə yaşayan orqanizmlər üçün mühüm qida mənbəyinə çevrilir.

Chosen
13
1
teleqraf.com

2Sources