EN

Partiya sədri: "Şəbəkənin azadlıqda qalan üzvləri də var"

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlət hakimiyyətinə qarşı gizli fəaliyyət göstərmək və xarici xüsusi xidmət orqanlarının köməyi ilə hakimiyyəti zorla ələ keçirməyə cəhd etməkdə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumata görə, 2025-ci ilin avqust-sentyabr aylarında Ramiz Mehdiyev “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlıqlı yazılı materialı hazırlayaraq köməkçisi Əmirov Eldar Qurban oğlu və digər şəxslər vasitəsilə Əli Kərimliyə təqdim edib. 

3 oktyabr 2025-ci il tarixində isə həmin materialın yekun nüsxəsi Ramiz Mehdiyev tərəfindən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə göndərilib. Göndəriş texniki olaraq qeydə alınıb.

DTX qeyd edir ki, Ramiz Mehdiyev bu əməlləri ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd hərəkətlər edib, xarici dövlət nümayəndələrinə kömək göstərməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin açılmış cinayət işi ilə bağlı ictimaiyyətə təqdim etdiyi geniş açıqlama və bir qrup şəxsin vətənə, millətə xəyanət etməsi, hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməsi ilə bağlı faktları özündə əks etdirən məlumat xarakterli materiallar qanunazidd əməlləri göstərir:

“Biz hələ 2017-2018-ci illərdə mətbuata verdiyimiz müsahibələrdə Ramiz Mehdiyev ilə Əli Kərimli arasında gizli ittifaqın mövcud olduğunu dəfələrlə bəyan etmişik. Xatırlayıram ki, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılarkən mətbuat konfransı keçirmişdi. 

Həmin konfransda hörmətli Razi bəy bildirmişdi ki, Əli Kərimli onu yanına çağıraraq partiyada liderlik iddiasına düşdüyünü, qurultaya hazırlaşdığını deyib. Razi bəy əlavə edirdi ki, o, bu məlumatları haradan bildiklərini soruşanda, Əli Kərimli xarici ölkə səfirliklərinin adlarını çəkib. İndi buradan çıxış edərək demək olar ki, zaman keçdikcə bir çox qaranlıq məqamların üstü açılır”.

O qeyd edib ki, Əli Kərimli səfirliklərin adını qorunmaq məqsədilə yalandan çəkib və bu, mənbəni  gizlətməyə hesablanmış addım olub:

“İndi məlum olur ki, əslində Əli Kərimli səfirliklərin adını qorumaq məqsədilə yalandan çəkib və mənbəni gizlədib. Onu qorumaq məqsədilə, dövlətin inzibati resurslarından istifadə edərək məlumat və informasiyalarla təmin edən şəxs isə Ramiz Mehdiyev olub. Bu təminat təkcə maliyyə ilə deyil, həm də informasiya dəstəyi ilə həyata keçirilib. 

Hakimiyyət daxilində və partiya müstəvisində gedən proseslər, dövlətin inzibati resurslarından istifadə olunmaqla siyasətçilərin izlənilməsi, təqib edilməsi, onların fəaliyyəti və siyasi niyyətləri barədə məlumatların ötürülməsi və s. kimi məqamlar indi üzə çıxır. Yəni hər şey aydındır”.

Ağasif Şakiroğlu vurğulayıb ki, qanunu pozmuş, vətəninə və millətinə xəyanət etmiş hər bir şəbəkə üzvü layiqli cəzasını alacaq:

“Çox sevinirəm ki, bu şəbəkə ifşa olunub, “5-ci kolon”un başı əzilib. Hesab edirəm ki, proses adları çəkilən şəxslərlə məhdudlaşmayacaq. Bu şəbəkənin azadlıqda olan digər üzvləri də var və istintaqın davam etdiyini düşünürəm. 

Mən əlavə ehtimallar səsləndirmək istəmirəm, amma əminliklə demək istəyirəm ki, qanunu pozmuş, vətəninə və millətinə xəyanət etmiş hər bir şəbəkə üzvünün başı dəmir yumruq tərəfindən əziləcək. 

Azərbaycanın hüquq-mühafizə orqanları iş başındadır, ayıq-sayıqdır. Dövlətin onurğa sütunu olan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin təhlükəsizliyini layiqincə qoruyur, üzərinə düşən ağır məsuliyyəti peşəkarlıq və ləyaqətlə yerinə yetirir. Xidmətin hər bir əməkdaşına təşəkkürümü bildirirəm. 

Bu barədə fikirlərimi sosial şəbəkə hesabımda da paylaşmışam. Allah vətənimizi, millətimizi qorusun. Bu cür şər qüvvələrdən, “sapı özümüzdən olan baltalar”dan qorusun. Hər kəs əmin olsun ki, heç bir cinayət cavabsız və məsuliyyətsiz qalmayacaq”.

Chosen
12
1
cebheinfo.az

2Sources