EN

Bakı-Vaşinqton razılaşmasına Rusiyadan şərh: Vəziyyət dəyişir

BAKI, 13 fevral. TELEQRAF

Son hadisələr göstərir ki, Rusiya ilə sərhəd bölgəsində (Cənubi Qafqaz) vəziyyət dəyişir və qonşu ölkələrdə yeni prioritet və strateji tərəfdaşlar ortaya çıxır.

Teleqraf xəbər verir ki, bu barədə “Nezavisimaya Gazeta” yazıb.

Rusiya nəşri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Bakıda iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb:

“Sənəddə vurğulanır ki, Cənubi Qafqazda sülh ABŞ və Azərbaycanın ortaq maraqlarına uyğundur. Tərəflər beynəlxalq və regional təhlükəsizliyi gücləndirmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirməyi, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması imkanlarını artırmağı, habelə maliyyə dəstəyi və texnologiya transferi yolu ilə minatəmizləmə qabiliyyətini inkişaf etdirməyi planlaşdırırlar.

Vaşinqton və Bakı bu məqsədlərə nail olmaq üçün iqtisadiyyat, ticarət, enerji, rabitə, süni intellekt, rəqəmsal inkişaf, həmçinin təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq üzrə işçi qruplar yaradacaq.

ABŞ bu razılaşma ilə Cənubi Qafqazda mövqelərini gücləndirərək Xəzər dənizinə çıxış əldə edir.

ABŞ “Tramp Marşrutu” üçün Ermənistanın da razılığını alıb. Ermənistan ərazisindən keçəcək bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Ermənistan isə ABŞ-nin bütün inteqrasiya təşəbbüslərinə dəstəyini təmin edib”.

Qəzet qeyd edib ki, Gürcüstan da ABŞ ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bəyan edib:

“Baş nazir İrakli Kobaxidze bunu ABŞ dövlət katibinin vətəndaş təhlükəsizliyi, demokratiya və insan hüquqları üzrə müavini Uzra Zeya ilə Tbilisidə görüş zamanı açıqlayıb. Görüşdə Gürcüstan qarşılıqlı addımlar və praqmatik, rasional və ədalətli yanaşmalara hazır olduğunu təsdiqləyib.

Beləliklə, Cənubi Qafqaz artıq Rusiyanın təsir dairəsindən çıxır və ABŞ-nin təsir sahəsinə daxil olur”.

“Nezavisimaya Gazeta” Rusiya üçün Mərkəzi Asiyada da eyni vəziyyətin yarandığını vurğulayıb. Nəşr bu baxımdan bölgə ölkələri - Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstanın ABŞ və Avropa İttifaqı ilə genişlənən əməkdaşlıq və ən müxtəlif istiqamətlər üzrə əldə etdiyi razılaşmalara diqqət çəkib.

Chosen
6
teleqraf.com

1Sources