EN

"Neftçi" uğurlu seriya yaxalaya bilər - "Qəbələ" ilə oyunun ikinci hissəsi narahatlıq yaratsa da...

Yuri Vernidub çox qısa vaxtda göstərdi ki, son illərdə "Neftçi"də çalışan məşqçilərdən fərqlənən mütəxəssisdir. Səbəb göz qabağındadır. Komandanı istədiyi hazırlıq səviyyəsinə çatdıra bilməsə də, bəzi futbolçular tələblərinə cavab verməsə də, onun gəlişindən sonra "Neftçi" fərqli oynamağa başlayıb. 

Pozitiv məqam odur ki, "ağ-qaralar" onun rəhbərliyi altında çıxdığı matçların heç birində məğlub olmayıblar. 3 qələbə, 2 heç-heçə. Oyun planında da xeyli irəliləyiş var. Komanda daha dinamik oynayır, futbolçular sanki meydanda nə etməli olduqlarını daha yaxşı anlayırlar. 

Lakin Vernidubu qayğılandırmalı olan məqamlar da var. "Qəbələ" ilə oyuna "fırtına" kimi başlayan, elə birinci hissədə iki-üç qol vurub matçın müqəddaratını həll etməli olan "Neftçi" ikinci hissədə müdafiəyə "oturdu". "Qəbələ"nin "şahzadəsi" dirək əvəzinə toru nişan ala bilsəydi, qələbə əldən getmişdi... Vernidub bunu fiziki hazırlıqla yox, psixologiya ilə əlaqələndirib. Hər halda düşündürücü məsələdir. "Neftçi" parlaq oynayır. Amma bunu 90 dəqiqəyə yaya bilməsələr, xal itkiləri qaçılmaz olacaq. 

"Neftçi" bu tur səfərdə "Kəpəz"lə qarşılaşır. Növbəti tur məlum səbəblərdən oyunu buraxır. Daha sonra səfərdə "Şamaxı", evdə "Turan Tovuz". Misli Premyer Liqasında rahat oyun anlayışı yoxdur artıq. Hamı bir-birindən xal ala biləcək durumdadır. Amma "Neftçi"nin yüksələn qrafiklə getdiyini nəzərə alsaq, uğurlu seriya yaxalayıb 3-cü pilləyə qalxmaq da mümkündür. 

Fikrət

saytlarin hazirlanmasi

Chosen
56
1
sportal.az

2Sources