EN

Azərbaycan heyəti “Sülh körpüsü” dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib

Azərbaycan nümayəndə heyəti “Sülh körpüsü” dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib.

İnterpress.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Qeyd edilib ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa keçiriləcək.

Bu dəfə vətəndaş cəmiyyəti nümayəndələri müstəqillik tarixində ilk dəfə olaraq Tavuş rayonunun Kirants kəndi yaxınlığında yerləşən quru sərhədini keçiblər.

Bildirilib ki, “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da təmsil olunacaq.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd hissəsindən Ermənistan ərazisinə daxil olub.

Vurğulanıb ki, müzakirələr çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçirəcəklər. Ayrı-ayrı sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olacaq.

Qeyd edək ki, ötən il 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər edib.

Chosen
39
1
interpress.az

3Sources