EN

Türk Hava Yolları 500-cü təyyarəsi ilə səmaya "500" yazdı

Türk Hava Yolları (THY) 500-cü təyyarəsinin donanmaya qatılmasını səmada unudulmaz bir iz qoyaraq qeyd etdi. "TK Aile" (TK Ailəsi) adlanan və üzərində 100 mindən çox əməkdaşın fotoşəkillərindən ibarət xüsusi dizayna malik Airbus A350 tipli təyyarə İstanbul səmalarından havaya qalxaraq Bursa və Bolu üzərində nəhəng bir "500" rəqəmi cızdı. Bu simvolik uçuş qlobal aviasiya izləmə platformalarında rekord marağa səbəb olmaqla yanaşı, şirkətin bir əsrə yaxın davam edən yüksəlişinin ən parlaq göstəricilərindən birinə çevrildi.

1933-cü ildə cəmi 5 təyyarə ilə fəaliyyətə başlayan Türk Hava Yolları bu gün dünyanın ən çox ölkəsinə və beynəlxalq nöqtəsinə uçan aviaşirkəti statusunu daşıyır. Şirkətin son 20 ildə nümayiş etdirdiyi sıçrayışlı inkişaf onu regional oyunçudan qlobal aviasiya nəhənginə çevirmişdir. 2003-cü ildə cəmi 65 təyyarəyə sahib olan qurum 2026-cı ilin əvvəlinə 500 təyyarəlik psixoloji həddi aşaraq gələcək onillik üçün müəyyən etdiyi 1000 təyyarə hədəfinə doğru inamla irəliləyir. İstanbul Hava Limanını dünyanın ən böyük tranzit qovşaqlarından birinə çevirən THY 6 qitəni bir-birinə bağlayan strateji şəbəkəsi ilə Türkiyənin ən dəyərli qlobal markası hesab olunur.

THY-nin uğurları, sadəcə, rəqəmlərlə deyil, həm də xidmət keyfiyyəti ilə ölçülür. Dəfələrlə "Avropanın Ən Yaxşı Hava Yolu" seçilən şirkət xüsusilə bort yeməkləri və sərnişin məmnuniyyəti sahəsində dünya standartlarını müəyyən edir. Eyni zamanda, "Turkish Cargo" alt markası vasitəsilə qlobal hava yük daşımaları bazarında da ilk üçlükdə yer almağı hədəfləyən milli aviadaşıyıcı, müasir donanması və texnoloji innovasiyaları ilə aviasiya tarixində yeni bir dövrün təməllərini atır. 500-cü təyyarənin səmaya yazdığı rəqəm həm bir xalqın qüruru, həm də bir dünya markasının gələcək hədəflərinin elanıdır.

S.ELAY

XQ

Chosen
16
1
xalqqazeti.az

2Sources