EN

Kamera yox, güzgü qarşısında oynayan aktyorumuz Orxan Saffari yazır…

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Qədərindən artıq şişirdilən bir aktyorumuz da Telman Adıgözəlovdur desək, çox yəqin, yanılmarıq. Əlbəttə, Adıgözəlov sevilən, seçilən insan olub. Fəqət bu sevilib-seçilməyin ciddi sənətkarlıqla çox da bir əlaqəsi yoxdur.

Maraqlı olan odur ki, görəsən, hər yerdə ey mimika, eyni intonasiyada olan adamı, kino dili ilə desək, obrazdan obraza keçə bilməyən aktyoru niyə böyük sənətkar hesab edirik?

Məsələn, o hansı rolu necə oynayıb ki, baxanda demişik, bax bu bir Adıgözəlov şedevridir? Əlbəttə, heç bir rol. Bu mənada, Telman Adıgözəlov ən yaxşı halda ortabab aktyordur. Ancaq siması tanış olduğu üçün adamlar onu daha çox seviblər, mahiyyətcə özlərinə yaxın görüblər.

O da qəribədir ki, çox adam Telman Adıgözəlovu dəhşət yumoru olan sənətçi hesab edir. Bax buna isə bişmiş toyuğun da gülməyi gələr. Doğrudan da yumoru olan bir adamıb Telman Adıgözəlov yumoruna dodağı da qaçmamalıdır. Ancaq elə adamlar var, az qala gülməkdən ölsün. Hərdən adam ona gülən insanlara demək istəyir ki, sən Allah, nəyə gülürsən? Denən, biz də gülək.

Əslində isə, kino aktyoru gülməli olduğunu göstərməz, vəziyyət onu gülməli edər. Ancaq Adıgözəlovun yumoru adama deyir ki, “görürsünüz də, mən gülməliyəm”.

Hərdən mənə elə gəlir ki, Telman Adıgözəlov rola girəndə kamera yox, güzgü qarşısında olduğunu düşünür. O performansı ancaq evdə güzgünün qarşısında göstərmək olar ki, yaxşı deyil, başqa görən olmasın.

Telman Adıgözəlovun həyat yoluna baxanda çox ciddi bir iş də tapmaq olmur. Tamadalıq nədir ki, onu belə yaxşı bacarmırdı. Rolları da adamın yadına düşməyi ilə çıxmağı bir olur. Məsələn, qəfil “Evləri köndələn yar” filmindəki rolunu xatırlayırsan, amma yadında rolu yol, şərfi qalır.

Təsəvvürü belə pisdir ki, bir aktyor yadda ən çox Şəki ləhçəsi ilə danışmağına görə qalsın. Ancaq bu, təsəvvür deyil, reallıqdır. Telman Adıgözəlovun yaradıcılıq bioqrafiyasının əsasını da bu təşkil edir. Doğrudur, yaxşı danışırdı, hətta çox adam onu şəkili hesab edirdi, ancaq təəssüf ki, bunun sənətə heç bir dəxli yoxdur. Aktyor olmayan minlərlə adam müxtəlif ləhçələrdə çox asanlıqla danışa bilir.

Normal şərtlərdə, normal mədəni mühitdə Telman Adıgözəlov istedadında bir adam səhnəyə çıxsaydı, biabır olardı. Ancaq Telman Adıgözəlov aktyor oldu.

Ümumiyyətlə, mənə görə aktyor heç tamadalıq etməməlidir. Əlbəttə, çox adam bunu xoşundan etmir, ailə dolandırmaq lazım gəlir, fəqət reallıq budur ki, aktyorun tamada olması həm də onun sənətkar kimi məhv olması deməsidir. Jurnalist olmaq bir yazıçını bəzən necə öldürürsə, tamada olmaq da eyni işi görür. Jurnalistika da bir yazıçının tamadalığıdır. Halbuki nə qədər çətin vəziyyətdə olsa belə, tamadalıq etməyən aktyorlarımız var. Bu mənada, tamadalıq daha çox sənətə iddiası olmayan adamların işidir. Əlin hər yerdən üzülür, ciddi sənətkar olmadığını başa düşürsən və deyirsən ki, qoy tamamda olum. Əgər bir adam həm sənətə iddia edir, həm də tamadalıq edirsə, bu mənada, Sirtuş Çölçəmənli daha ciddi sənətkardır. Hətta bəlkə də, Telman Adıgözəlov necəsə yaxşı aktyor da ola bilərdi. Ancaq məhz tamadalıq bunu öldürdü. Yenə yaxşıdır ki, özü də sağlığında tamada olmağına görə pis olurdu.

Telman Adıgözəlov həmişə epizodik rolları oynayıb. Kinoda epizodik rol da olmalıdır, olur. Ancaq bir adam ömür boyu epizodik rollarda olursa, əslində, bunun özü də bir problemdir. Rejissor görür ki, bu adamın fakturası baş rol üçün deyil. Daim epizodik rollarda olmaq inkişaf edə bilməmək, istedadın ancaq buna çatması deməkdir həm də.

Doğrudur, Telman Adıgözəlov sevilir, xatırlanır, siması yaddadır. Ancaq hesab edirəm ki, bu, sənətlə əlaqəli məsələ deyil. Minlərlə ortabab aktyorlardan biri olsa da, onun aktyor kimi çox sevilməsi həm də kinomuzun vəziyyətindən xəbər verir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
112
1
icma.az

2Sources