EN

Cənubi Azərbaycan məsələsi emosional şüar yox, strateji düşüncə mövzusudur

Sayman  Aruz

Sağlam, Bütöv Azərbaycan cəmiyyətinin arzusu ilə:

Cəmiyyətin sağlamlığı yalnız iqtisadi-sosial göstəricilərlə ölçülmür. Güclü iqtisadiyyat zəif düşüncəli, kimliyini itirmiş, ideoloji boşluqda yaşayan cəmiyyəti xilas edə bilməz. Tarix göstərir ki, süqut edən dövlətlərin əksəriyyəti əvvəlcə ideoloji və mədəni baxımdan zəifləyib. Bu baxımdan bu gün müstəqil Azərbaycanın qarşısında duran əsas məsələ təkcə iqtisadi-siyasi zəmində inkişaf etmək deyil eyni zamanda necə və hansı düşüncə üzərində inkişaf etməkdir.

Müasir dünyada azadlıq anlayışı tez-tez dövlətə qarşı qoyulur. Halbuki sağlam cəmiyyətdə azadlıq dövlətə qarşı yox, dövlətin içində və onunla birlikdə mövcud olur. Azad fərd-məsuliyyətli fərddir. Dövlət isə yalnız qanunlar sistemi deyil, millətin özünü qoruma mexanizmidir. Bəzi cəmiyyətlərin əsas problemi azadlığı bəzən nizamsızlıqla, dövlətə bağlılığı isə itaətkarlıqla qarışdırmasıdır.

Halbuki milli dövlətçilik ənənəsi olan xalqlarda, o cümlədən Azərbaycanda fərd dövlətini öz iradəsinin davamı kimi görür. Bu baxımdan təhsil sistemi həlledici rol oynayır. Məktəb və universitetlər yalnız diplom verən müəssisələr yox, milli düşüncə laboratoriyaları olmalıdır. Tarixi bilən, siyasi prosesləri anlayan, dövlət marağını qlobal proseslər içində oxuya bilən gənclik olmadan nə azad cəmiyyət, nə də güclü dövlət mümkündür.

Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan cəmiyyətində əsas təhlükələrdən biri ideoloji boşluqdur. Bu boşluq bəzən müəyyən məhdud kəsimdə dini radikalizm, bəzən yad ideologiyalara kor-koranə heyranlıq, bəzən də laqeydlik şəklində özünü göstərir. Təhsilin funksiyası yalnız bilik ötürmək deyil, şəxsiyyət və mövqe formalaşdırmaqdır. Gənc bilməlidir ki, o kimdir, hansı tarixdən gəlir və hansı məsuliyyəti daşıyır.

Burada ədəbiyyatın və humanitar elmlərin rolu xüsusi qeyd olunmalıdır. Texniki inkişaf vacibdir, amma ruhu olmayan texnologiya milləti yox, bazarı böyüdür. Azərbaycan ədəbiyyatı, fəlsəfəsi, tarixşünaslığı yeni dövrün çağırışlarına cavab verən dildə yenidən oxunmalı və cəmiyyətə təqdim olunmalıdır.

Ədəbiyyat isə cəmiyyətin daxili səsidir. Yazıçı, şair, sənət adamı cəmiyyətin önündə gedən təbliğatçı yox, arxasında duran vicdan olmalıdır. Mədəniyyət dövlətlə müxalifət arasında sıxışıb qalmamalı, milli marağın intellektual ifadəsinə çevrilməlidir. Dövlət mədəniyyəti idarə etməməli, onu qorumalı və inkişaf üçün şərait yaratmalıdır.Bu gün Azərbaycan ədəbiyyatında əsas problemlərdən biri ideyanın parçalanmasıdır: bir tərəfdə kökünü inkar edən kosmopolit yanaşma, digər tərəfdə isə yalnız keçmişə qapanan romantik millətçilik. Sağlam ədəbiyyat isə bu iki ifrat arasında tarazlıq yaradan ədəbiyyatdır..

Kök yalnız tarix dərsliyində müzakirə edəcəyimiz mövzu deyil. Kök-dil, mədəniyyət, coğrafiya və ortaq taledir. Hamımızın inandığımız Azərbaycançılıq ideyası bu baxımdan parçalanmış şüurlar əhatəsində istədiyimiz formada yaşaya və inkişaf edə bilməz. Dünya azərbaycanlılarının həmrəyliyi və Cənubi Azərbaycan məsələsi emosional şüar yox, strateji düşüncə mövzusudur.

Cənubi Azərbaycan problemi yalnız siyasi yox, mədəni, ədəbi və ideoloji problemdir. Dilin qorunması, ədəbiyyatın yaşadılması, tarixi yaddaşın ötürülməsi bütöv Azərbaycan düşüncəsinin əsas sütunlarıdır. Ona görə də Azərbaycan Respublikası bu məsələdə passiv müşahidəçi yox, ideoloji mərkəz rolunu oynamalıdır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
46
olaylar.az

1Sources