EN

NATO-dan Ukraynaya dəstək: PURL proqramına yüz milyonlarla avro ayrıldı

Müəllif:Mehin Qasımova,Banco.az

NATO ölkələri Ukraynanın kritik müdafiə ehtiyaclarını qarşılamaq və ABŞ istehsalı olan hərbi avadanlıqların tədarükünü sürətləndirmək məqsədilə PURL (Prioritized Ukraine Requirements List) proqramı çərçivəsində yüz milyonlarla avro məbləğində yeni maliyyə paketi ayırdıqlarını elan ediblər.

Banco.az xəbər verir ki, Bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib.

Baş katib xüsusilə Böyük Britaniya, İslandiya, Norveç, İsveç və Litvanın bu mərhələdə əhəmiyyətli maliyyə töhfələri verdiyini vurğulayıb.

PURL proqramı NATO müttəfiqlərinə imkan verir ki, ABŞ-ın mövcud arsenalındakı "hazır" silah və sursatları (məsələn, Patriot raketləri və HIMARS sistemləri) birbaşa maliyyələşdirərək qısa müddətdə Ukraynaya çatdırsınlar. Rutte bildirib ki, hazırda Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarının təxminən 90%-i məhz bu proqram sayəsində təmin edilir.

Rutte qeyd edib ki, digər müttəfiq ölkələr də yaxın həftələrdə proqrama qoşulmağı planlaşdırırlar:"Mən tam əminəm ki, Ukrayna üçün həyati əhəmiyyət kəsb edən bu vəsaitlər toplanacaq. Biz Ukraynada uzunmüddətli və davamlı sülhün bərqərar olması üçün bütün müttəfiqləri səylərini artırmağa çağırırıq."

Qeyd edək ki, Böyük Britaniya artıq bu proqram çərçivəsində hava hücumundan müdafiə raketləri üçün əlavə 150 milyon funt-sterlinq ayırdığını təsdiqləyib.

Chosen
16
1
banco.az

2Sources