Borç ABŞ-nin tətbiq etdiyi blokadanı cinayət xarakterli adlandırıb...
Poliqon xəbər verir ki, Çili prezidenti Qabriel Borç ABŞ-nin Kuba-ya qarşı tətbiq etdiyi blokadanı kəskin tənqid edib. O, sosial şəbəkə X platformasında paylaşım edərək bu addımı “cinayət xarakterli” adlandırıb.
Borç bildirib ki, blokada bütöv bir xalqın insan hüquqlarına qəsd kimi qiymətləndirilməlidir. “Kuba ilə fikir ayrılıqları ola bilər, lakin uşaqlara və günahsız vətəndaşlara zərər vuran addımlara heç nə ilə haqq qazandırmaq olmaz”, – deyə Çili lideri vurğulayıb.
Məsələnin fonunda Vaşinqton və Havana arasında gərginliyin artdığı bildirilir. Yanvarın 29-da ABŞ prezidenti Donald Tramp Kubadan qaynaqlandığı iddia edilən milli təhlükəsizlik təhdidi səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib. Rəsmi Vaşinqton bu qərarı təhlükəsizlik maraqları ilə əsaslandırıb.
Buna cavab olaraq, ertəsi gün Kuba hakimiyyəti də adada fövqəladə vəziyyət tətbiq etdiyini açıqlayıb və bunu Vaşinqtondan gələn “ekstremal təhdid”lə əlaqələndirib. Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib ki, ABŞ-dən gələn təhlükə “anti-kuba yönümlü neofaşist sağ qanadın fəaliyyəti” ilə bağlıdır.
Gərginlik bununla da bitməyib. İki gün sonra Donald Tramp Kubaya neft tədarük edən ölkələrin məhsullarına rüsum tətbiq edən fərman imzalayıb. Analitiklər hesab edirlər ki, bu addım Kuba iqtisadiyyatına əlavə təzyiq göstərə və regionda diplomatik münasibətləri daha da mürəkkəbləşdirə bilər.
Ekspertlərin fikrincə, Latın Amerikası ölkələrinin bir hissəsi Vaşinqtonun siyasətinə tənqidi yanaşır və humanitar aspektləri ön plana çəkir. Çili prezidentinin açıqlaması da regionda bu mövqenin gücləndiyini göstərən siqnallardan biri kimi qiymətləndirilir.
Poliqon.info