ABŞ Dövlət katibi Marko Rubio Münhen şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını bildirib.
"Far.Az" xəbər verir ki, ABŞ xarici siyasət idarəsinin rəhbəri bu barədə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
"Düşünürəm ki, bəli. Hesab edirəm ki, o, orada olacaq və bizim onunla görüşmək imkanımız olacaq. Məncə, bu mənim qrafikimdədir; 100 faiz dəqiq deyil, amma belə olacağına əminəm", - deyə o bildirib.
Rubio həmçinin vurğulayıb ki, Macarıstan və Slovakiya nümayəndələri ilə bu ölkələrin Rusiya enerji resurslarının idxalını dayandırmasını müzakirə etmək niyyətindədir.
"Biz onlarla bu barədə danışacağıq. Nələrin baş verməli olduğu barədə söhbət edəcəyik. Bu görüşlərdə nədən danışacağımızın təfərrüatlarına varmayacağam. Lakin hər şeydən əvvəl, bunlar bizi çox güclü şəkildə dəstəkləyən, Birləşmiş Ştatlarla aktiv əməkdaşlıq edən və bizimlə sıx çalışan ölkələrdir", - deyə ABŞ Dövlət katibi əlavə edib.