EN

BMT nümayəndələri “Sülh Şurası”nın ilk iclasına dəvət olunmayıb

Vaşinqtonda keçiriləcək toplantıda təşkilatın təmsil olunmayacağı açıqlanıb, Rusiya isə iştirakdan imtina etdiyini bəyan edib...

Birləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 19-da Vaşinqtonda keçiriləcək “Sülh Şurası”nın ilk iclasında təmsil olunmayacaq.

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyinə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.

Düjarrik bildirib ki, təşkilatın Vaşinqtondakı görüşdə hər hansı formada təmsil olunacağı barədə məlumatı yoxdur. Bununla da BMT-nin sözügedən təşəbbüsün ilk iclasında iştirak etməyəcəyi aydınlaşıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Moskvanın ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılmış “Sülh Şurası”nın ilk iclasında iştirak etməyəcəyini açıqlayıb. O, Rusiyanın bu qurumla bağlı mövqeyinin formalaşdırılması istiqamətində işi davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, Donald Tramp yanvarın 16-da Qəzza ilə bağlı “Sülh Şurası”nın yaradıldığını elan edib və bu təşəbbüsə 50-dən çox ölkənin nümayəndələrini qoşulmağa dəvət etdiyini bildirib. Yeni platformanın Yaxın Şərqdə, xüsusilə də Qəzza zolağında davam edən gərginliyin azaldılması və siyasi həll yollarının müzakirəsi məqsədi daşıdığı qeyd olunur.

Bununla belə, BMT və Rusiyanın ilk iclasda iştirak etməməsi təşəbbüsün beynəlxalq legitimliyi və gələcək effektivliyi ilə bağlı suallar doğurur. Ekspertlər hesab edirlər ki, qlobal və regional aktorların iştirakı olmadan belə bir platformanın real nəticələr əldə etməsi çətin ola bilər.

Poliqon.info

Chosen
22
poliqon.info

1Sources