EN

Avropada elektrik enerjisinin qiymətləri enməyə başlamalıdır -Fon der Lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Avropada elektrik enerjisinin qiymətləri “enməyə başlamalıdır”, çünki onlar “struktur baxımdan həddindən artıq yüksəkdir”.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin iqtisadi problemlərə həsr olunmuş fövqəladə sammitinin yekun mətbuat konfransında danışıb.

“Enerji qiymətləri enməyə başlamalıdır”, – deyə o bildirib və elektrik enerjisinin baha olmasının səbəbləri ilə bağlı suala cavab verərkən “başlamalıdır” sözünü xüsusi vurğulayıb.

Fon der Lyayen qeyd edib ki, qiymətlər struktur olaraq çox yüksək olduğuna görə azalma zəruridir. O, yaşıl enerjiyə və Avropa ərazisində enerjinin sərbəst ötürülməsini təmin edəcək infrastrukturun inkişafına investisiyaların artırılmasına çağırıb. Xüsusilə, Baltik dənizi sahillərində yerləşən külək elektrik stansiyalarından materikin daxili bölgələrinə güclü ötürücü xətlərin çəkilməsinin vacibliyini vurğulayıb.

Avrokomissiya rəhbəri iddia edib ki, Avropada elektrik enerjisinin yüksək qiymətlərinin əsas səbəbi “qaza və karbon resurslarına həddindən artıq asılılıqdır”. O, həmçinin “Rusiyanın üç il əvvəl Avropada enerji böhranını təhrik etdiyi” tezisini də səsləndirib. Bununla yanaşı, Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların bu prosesdəki rolu barədə isə danışmayıb.

Xədicə BAXIŞLI

Chosen
168
1
redaktor.az

2Sources