EN

Rus faşizmi - Konspiroloji fantaziyaları Putinin özünə qarşı çevrilir

Rusiya ultramillətçiləri artıq elə Moskvanın özünə qarşı çıxmağa başlayır...

Müəllif: Kristaps Andreysons - Latviyalı jurnalist və The Eastern Border podkastının yaradıcısı
Foreign Policy nəşri

30 sentyabr 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin Ukraynadan ələ keçirilmiş və “yeni ərazilər” adlandırılan torpaqların Rusiyaya birləşdirilməsi ilə bağlı sənədlərin imzalanması üçün rəsmi mərasim keçirdi. Çıxışında o, Rusiya millətçiləri arasında sevimli söyüşə çevrilmiş bir termini işlətdi.

“Sanksiyalar anqlosakslara kifayət etmədi. Onlar təxribata keçdilər, deyə Putin çıxışında qeyd elədi.

Rusiyanın Böyük Britaniya ilə bağlı ənənəvi paranoyası uzun müddətdir diqqət çəkir və Putinin istinad etdiyi fikir də bu xəttin davamı idi. Lakin bu gün həmin termini ən fəal şəkildə istifadə edənlər “Z-patriotlar” adlanan ultramillətçilərdir oldular. Onlar eyni vaxtda Ukraynaya müdaxiləni dəstəkləyir və Putinin hökumətini müharibəni son dərəcə səriştəsiz aparmaqda ittiham edirlər.

Z-patriotlar “anqlosakslar” deyəndə nə qədər Böyük Britaniyanı, hətta bəzən fransız tənqidçilərin etdiyi kimi Böyük Britaniya ilə ABŞ-nin ittifaqını nəzərdə tutmurlar. Onlar üçün bu, Britaniya imperiyasıdır. Daha dəqiq desək, tarixi Britaniya imperiyasının dolaşıq və təhrif olunmuş interpretasiyasıdır. Onlara görə anqlosakslar bütün yaxşı və rus olan hər şeyə qarşı olan əbədi sui-qəsdçilərdir. Putin də bu dünyagörüş təsəvvürünü mənimsəmişdi, lakin indi bu təsəvvür onun özünə qarşı çevrilir.

XIX əsrin rus ultramillətçiləri üçün Britaniyanın qüdrəti yalnız maddi amillərlə izah edilə bilməzdi. Onların təsəvvüründə bu güc sui-qəsdçi qüvvəyə əsaslanırdı: masonlar və yəhudilər “Londonun tentakllarının” mənbəyi idi və bu tentakllar Rusiyanın vətənpərvər meyllərini boğurdu. Bu ideyalar Sovet İttifaqı dövründə qismən kölgəyə çəkilsə də, bu gün yenidən daha kütləvi şəkildə geri qayıdıb.

Bu baxışların parlaq mənbələrindən biri müharibəyönlü rus imperialist YouTube kanalı Roi TV-də yayımlanan son müsahibədir. Kanalın yarım milyona yaxın abunəçisi var. Aparıcı Maksim Kalaşnikovdur. O, özünü futurist adlandıran yazıçı və Z-patriotlar dairəsində tanınmış fiqurdur. Onun ideologiyası Sovet İttifaqının sümükləri üzərində qurulmuş, soyuq sintez və gizli stalinçi texnologiyalarla qidalanan yüksək texnoloji Rusiya imperiyası haqqında qızğın fantaziyalardır. O, 30 il ərzində “İmperiyanın qırılmış qılıncı” kimi adlarla kitablar yazaraq iddia edib ki, Rusiya bəşəriyyətlə “mason-Qərb” antiutopiyası arasında yeganə ”xilaskar“ maneədir.

23 avqust 2025-ci ildə yayımlanan buraxılışda o, rusdilli dünyada taktiki tibb sahəsində əsas avtoritet sayılan Yuri Yeviçlə söhbət edir. Bir neçə münaqişənin veteranı və keçmiş cərrah olan Yeviç “Sağ qalma texnologiyaları” akademiyasını yaradıb və burada Rusiya hərbçilərinə mühazirələr oxuyur. 2023-cü ildə ona qarşı hərbi tibbin uğursuzluqları barədə həddən artıq səmimi fikirlərinə görə və “ordunun nüfuzdan salınması” maddəsi cinayət ilə işi açıldı və bundan sonra Z-patriotlar üçün bir növ şəhid fiquruna çevrildi. O, nisbətən yüngül cəza ilə qurtardı, məhkəmələr işi baxışa qəbul etmədi. Lakin o zaman güman edilirdi ki, bu, Kremlin Z-patriotların reaksiyasını yoxlaması idi. Onların ortaq tanışı İqor Strelkov-Girkin isə daha az şanslı oldu və hələ də koloniyada cəza çəkir.

Kalaşnikovla Yeviçin müsahibəsi “fəlsəfi” diskussiya kimi təqdim olunur və onlara görə, bu, əlbəttə ki, rus faşist dünyagörüşü prizmasından dünyada yaxşı olan hər şeyi xilas etməyin yolları barədə fəlsəfi fikir mübadiləsidir. Baş dünyanı məhv etməyə çalışan cani kimdir? Əlbəttə ki, “anqlosakslar”.

Yeviç Qərbin Rusiya ilə münasibətini yalnız yırtıcı xarakter daşıyan əlaqə kimi “izah etmək” üçün psevdobioloji arqumentlərdən istifadə edir.

“Anqlosakslar yırtıcı xalqdır, parazit xalqdır. … Onlar digər xalqları sadəcə bıçağı vurmaq üçün ən yaxşı yeri tapmaq məqsədilə qəssabın inəyi öyrəndiyi kimi öyrənirlər”, deyə Yeviç bildirir.

“Pasiyentdə qanqrena olanda, çürümə ilə danışıqlar aparmırsan. … Anqlosakson dünyası bəşəriyyətin qanqrenasıdır. Bizim vəzifəmiz əraziləri ‘azad etmək’ deyil, qlobal cərrahi müdaxilə aparmaqdır”, deyə deyə Yeviç psevdotibbi dildə bildirir.

Ekstremizm isteriyaya keçir, Yeviç “iyrənc anqlosaksları” tam əminliklə ifşa edərkən, “Londonda onlar bizim anlayışımızda insan belə deyillər. Onlar şeytani proqramın maddi daşıyıcılarıdır. … Ya onlar, ya biz. Vəba zamanı orta yol olmur”, deyir.

Bunu anlamaq çətindir, çünki bu, açıq-aydın məntiqsiz şüarların toplusudur. Məsələn, Putinin ideoloqu Aleksandr Duqini götürək. Onun Z-patriotlar tərəfindən tərtib edilmiş Carthago Delenda Est adlı mətnlər toplusundan sitat:

“Xüsusi hərbi əməliyyat Qurunun Dənizə qarşı müharibəsidir. Bu, Ruhun Maddəyə qarşı müharibəsidir. … Qərb Dəniz sivilizasiyasıdır (Karfagen). Bu, pulun, ticarətin və axıcılığın sivilizasiyasıdır. Rusiya isə Quru sivilizasiyasıdır (Roma). Biz Şərəf, İerarxiya və Nizam sivilizasiyasıyıq. Bu, siyasi münaqişə deyil; bu, Antixristin Krallığına qarşı metafizik müharibədir”.

Putin üçün bu cür bulanıq siyasi baxış son dərəcə faydalı idi. Qeyri-müəyyən, xəyali düşmənin üzərinə onun qurmağa çalışdığı yeni Rusiya nizamındakı hər bir uğursuzluğu və məyusluğu yıxmaq mümkün idi. Bu isə əlavə nəticələr doğurdu: ruslar indi Britaniya xüsusi xidmət orqanlarının gücünü xeyli şişirdirlər, onları hər yerdə mövcud və Rusiyada yaxşı olan hər şeyi məhv etməyə çalışan qüvvə kimi görürlər; guya yalnız nəcib rus agentləri onları cilovlayır.

Bu, eyni zamanda həm zəif, həm də hər şeyə qadirklassik faşist düşmən obrazıdır.. Rusiya təbliğatında Böyük Britaniya eyni vaxtda kasıb, tənəzzülə uğramış və müflis kimi təqdim olunur və bununla yanaşı ABŞ-ni, qlobal bank sistemini və daha nələri gizlicə idarə edən qüvvə kimi göstərilir. İroniya ondadır ki, Putinin “anqlosaksları” bir çox cəhətdən yəhudilər haqqında konspirasiya nəzəriyyələrini xatırladır; xüsusilə də sui-qəsdçilərin ənənəvi “şər fiqurları” olan Rotşildlərin həm britaniyalı, həm də yəhudi olması bu obrazı rahatca həzm etdirir.

Putinin özü bu ideyalara nə dərəcədə səmimi şəkildə inandığı aydın deyil. Ola bilsin ki, o, təcrübəli manipulyator kimi əlverişli düşməndən sadəcə alət kimi istifadə edib. Lakin belə isteriyanı qızışdırmağın problemi ondadır ki, o, yaradıcısının özünə qarşı çevrilə bilər.

Yeviç kimi təbliğata səmimi şəkildə inanan insanlar Putinin özü üçün təhlükəyə çevrilir. Əgər düşmən əsrlər boyu müqəddəs Rusiyanı təhdid etmiş qlobal şərin təcəssümüdürsə, onda danışıqlar, kompromislər və Putinin müharibəsindəki büdcə məhdudiyyətləri məntiqsiz görünür.

Z-patriotların təsəvvüründə imperiya ağlasığmaz addım atıb və bu addım ya Putinin özünü, ya da ən azı onun ətrafını pozub, “yaxşı çar” mifinə zərbə vurub. Sui-qəsd o qədər dərinləşib ki, artıq Moskvanın özünü çürüdüb.

Artıq bu radikalları Putinin tərəfində saxlayan sosial müqavilə dağılmağa başlayır. Qəzəbli patriotlar ideoloji alov təmin edir, müxalifəti qorxudur və son dövrlərdə “top yemi” də təqdim edirdilər. Əvəzində Putin onları “Üçüncü Roma” və imperiya şöhrətinin bərpası xəyalları ilə bəsləyirdi.

İndi isə Kiyevi üç günə ələ keçirmək xəyalları çoxdan dağılıb, Rusiya interneti isə “qırmızı xətlərin” tez-tez “qəhvəyi xətlərə” çevrildiyi barədə kinayəli zarafatlarla doludur. Z-patriotlar qəzəbli, ümidsiz və məyus hala gəliblər. Rusiyanı yaxın gələcəkdə yeni “Smutanın” - 1598–1613-cü illərin böhran dövrünün - gözləməsi fikri artıq qeyri-mümkün görünmür və demək olar ki, əsas axına çevrilib.

Daha bir ciddi zərbə, məsələn böyük hərbi məğlubiyyət ultraradikalları tamamilə Putinə qarşı çevrilməsi üçün kifayət edə bilər.  Z-patriotların dili ilə desək, məğlubiyyət, ya da iqtisadiyyatın çökməsi səbəindən Ukrayna ilə istənilən sülhün “rüsvayçı pərdəarxası saziş” sayılır. O zaman Putin liberal mühacir müxalifətlə deyil, başqa qüvvə ilə üzləşəcək.

Onun qarşısında Yeviç kimi şəxslərin yanında hazırlıq keçən insanlar, qəzəbli və silahlı həqiqi fanatiklər dayanacaq. Onlar hakimiyyəti devirmək üçün gəlməyəcəklər. Onlar “təmizləmək” və “natəmizlikdən arındırmaq”, öz şanlı imperiyalarını xilas etmək və taxtdakı saxtakarı aradan qaldırmaq üçün gələcəklər.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Chosen
77
poliqon.info

1Sources