EN

“Həcilərin canları çıxsın, yol çəkdirsinlər” iddiası – Sabirabadda icra başçısı qəbulda sakinləri təhqir edib?

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yanvarın 21-də Türkədi kənd orta məktəbində sakinlərlə keçirdiyi görüş zamanı səsləndirdiyi ifadələr narazılıqla qarşılanıb. Bu barədə bir qrup vətəndaş Musavat.com-a müraciət edib.

Sakinlərin sözlərinə görə, görüşdə uzun illərdir bərbad vəziyyətdə olan Sabirabad–Cavad–Əlicanlı–Türkədi–Narlıq avtomobil yolunun təmiri məsələsi qaldırılıb. Onlar bildiriblər ki, dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Şikayətçilərin iddiasına əsasən, icra başçısı məsələ ilə bağlı cavabında “Kərbalaya, Həccə 10 min verib gedib-gələnlər düzəltdirsinlər”, “Canları çıxsın, düzəltdirsinlər” kimi ifadələr işlədib. Bu sözlərin isə xüsusilə dini inanclı insanlar arasında narazılıq doğurduğu bildirilir.

Sakinlər iddia edirlər ki, vətəndaşlarla bu cür kobud ünsiyyət artıq sistemli xarakter alıb və qəbul zamanı qaldırılan problemlərə görə məsuliyyət çox vaxt vətəndaşların üzərinə yönəldilir. Onların sözlərinə görə, rayonda sosial problemlər də dərinləşməkdədir: “İşsizlik və yoxsulluq kəndlərin sürətlə boşalmasına səbəb olur. Uzun illərdir icra başçısı olan Siraqəddin Cabbarov sosial problemlərimizi görməzdən gəlir”, – deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Musavat.com Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

“Bu söz-söhbəti yayan şəhid qardaşı Haqverdi Əliyevdir. O, şantaj və yalan məlumat yaymaqla məşğuldur. Görüş zamanı icra başçısı bildirib ki, kənd yolunun təmiri üçün imkanı olan, o cümlədən Həccə və Kərbəlaya gedən şəxslər kəndin ağsaqqalı və ictimai fəalları kimi qrabel tökülməsinə dəstək versinlər. Onları köməyə çağırıb. “Canları çıxsın” ifadəsi işlədilməyib”.

İcra

H.Həsənov qeyd edib ki, sözügedən yol Sabirabad Rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır:

“Həmin yolla bağlı kənd sakinləri 4 dəfə sabiq sədr Saleh Məmmədovun qəbulunda olublar. Mən özüm də o yoldan istifadə edirəm. Camaat haqlıdır, yol bərbad vəziyyətdədir. 2010-cu ildə çəkilib, 16 ildir təmir olunmayıb. Narlıq kəndində bizim xahişimizlə imkanlı şəxslər öz hesablarına 3 kilometr hissəyə qrabel tökdürüblər”.

Birinci müavin əlavə edib ki, görüşlər Prezident Administrasiyasının nəzarəti altında keçirilir və proses videoya çəkilir:

“Nəzarət altında keçirilən görüşdə başçının “canları çıxsın” kimi ifadə işlətməsi mümkün deyil”.

Chosen
22
editor.az

1Sources