EN

Türkiyə Prezidenti İslam ölkələrini nəqliyyat əlaqələrini gücləndirməyə çağırıb

Bakı, 12 fevral, AZƏRTAC

Türkiyə Prezidenti fevralın 12-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında nəqliyyat inteqrasiyasının gücləndirilməsinə çağırıb, İslam dünyasının iqtisadi potensialının açılması üçün effektiv və etibarlı şəbəkələrin vacib olduğunu bildirib.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbulda keçirilən İƏT-in nəqliyyat nazirlərinin görüşündə çıxış edən Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin Asiyadan Afrikaya və Avropadan Yaxın Şərqə qədər uzanan geniş bir coğrafiyanı əhatə etdiyini, təbii dəhlizlərə, dinamik gənc əhaliyə və sürətlə böyüyən bazarlara sahib olduğunu bildirib. O əlavə edib: “Lakin bu böyük potensialı tam şəkildə reallaşdırmaq və coğrafi üstünlükləri strateji gücə çevirmək üçün səmərəli, etibarlı və inteqrasiya olunmuş nəqliyyat şəbəkələrinə ehtiyacımız var”.

Ərdoğan avtomobil yolları, dəmir yolları, dəniz və hava limanları arasında daha güclü əlaqələrin təkcə ticarəti deyil, həm də üzv dövlətlərin sosial və mədəni qarşılıqlı əlaqələrini artıracağını bildirib. Türkiyənin “Marmaray” dəmir yolu tuneli, “Avrasiya” tuneli və əsas körpülər də daxil olmaqla son zamanlar həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinə toxunan dövlət başçısı ölkənin qlobal ticarət yollarını gücləndirdiyini və dəmir yolu, dəniz və aviasiya potensialını genişləndirdiyini bildirib.

O vurğulayıb ki, Türkiyənin Trans-Xəzər layihəsinə dəstəyi sayəsində ölkə tarixi İpək Yolunu müasir bir vizyonla canlandırıb. “Lakin biz bu investisiyaları yalnız milli çərçivədə qiymətləndirmirik. Məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər ilə inteqrasiyanı gücləndirmək, sərhədyanı dəhlizləri inkişaf etdirmək və birgə layihələr vasitəsilə əlavə dəyər yaratmaqdır”, -deyə dövlət başçısı qeyd edib.

Ərdoğan konfrans zamanı aparılan konstruktiv danışıqların əhəmiyyətli addımlara səbəb olduğunu da bildirib. O qeyd edib: “Üzv dövlətlər arasında nəqliyyat əlaqələrini gücləndirəcək, beynəlxalq platformalarda həmrəyliyi artıracaq və Türkiyənin İƏT-də sədrliyi dövründə nəqliyyat bağlantısı strategiyası sənədini hazırlayacaq yol xəritəsi yaratmaq üçün vacib qərarlar qəbul etdik. Şübhəsiz ki, bu qərarların effektiv şəkildə həyata keçirilməsi üçün texniki görüşlərin təşkili və monitorinq mexanizmlərinin diqqətlə idarə olunması vacibdir. İnanırıq ki, bu gün nümayiş etdirdiyimiz iradə buna yol açacaq”.

Chosen
26
1
azertag.az

2Sources