EN

“Barselona” titulu qorumaq yolunda növbəti addımı atdı - İCMAL

İspaniya kubokunda 1/4 final oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, ilk oyunda “Barselona” “Albasete”nin qonağı oldu. Evdə “Selta” ilə “Real”ı mübarizədən kənarlaşdıran aşağı dəstə təmsilçisinin La Liqanın liderinə gücü çatmadı.

“Karlos Belmonte” stadionuna kubokun son qalibi və rekordçusu “Barselona” təşrif buyurmuşdu. Komandalar arasındakı səviyyə fərqinə baxmayaraq, bu oyun autsayderin “kötəklənməsi” deyildi. Ümumiyyətlə, Flikin komandası bu il yaratdığı imkanların heç yarısından yararlanmamağı vərdişə çevirib. Sequnda təmsilçisi üçün heç də pis olmayan oyun göstərən “Albasete” ilk yarıda Yamalın, 2-ci hissənin əvvəlində isə Arauxonun qoluna mane ola bilmədi. Ronald oktyabrdan və start heyətinə qayıdandan bəri ilk qolunu vurdu. Bu məqamda Alberto Qonsalesin komandası üçün hər şeyin bitdiyini düşünmək olardı. Ancaq 2-ci hissənin son dəqiqələri azarkeşləri ekstaz vəziyyətinə gətirdi. Əvvəlcə Moreno gözəl baş zərbəsi ilə fərqi azaltdıə, ardından “Barsa”dan Torresin qolu ofsayda görə sayılmadı, uzatma dəqiqələrində isə qapıçını da arxada qoyan Fran Qamesin qapı xəttini keçmək üzrə olan zərbəsinin qarşısını Jerar Martin başla çıxardı. “Barsa” çətinliklə də olsa, yarımfinala adlamağı bacardı.

1/4 finaldakı bask derbisi də yetərincə maraqlı keçdi. “Alaves”lə “Real Sosyedad” bir-birinə layiq rəqib idi. İlk yarıda meydan sahibləri aşkar üstün təsir bağışladısa, fasilədən sonra artıq San-Sebastyan təmsilçisi daha inamlı idi. Komandalar oyuna kəşfiyyatsız başladı. Artıq 8-ci dəqiqədə Rebbaş cərimə meydançası xaricindən zərbə ilə “Alaves”i irəli çıxardı. Ançaq tezliklə Oyarsabal bərabərliyi təmin etdi. 29-cu dəqiqədə Kastronun qazandığı penaltini qola çevirən Martines növbəti dəfə yerli azarkeşləri sevindirdi. Əslində “Alaves” fasiləyə qədər oyunun taleyini həll edə bilərdi. Ancaq Parada və Kalebe təhlükəli vəziyyətləri boşa verdi. Fasilə “Real Sosyedad”ın işinə yaradı. 2-ci hissənin əvvəlində az qala Qedeş fərqlənəcəkdi.

Tədricən qonaqların hücum dalğasını zəiflədən “Alaves” 67-ci dəqiqədə 3-cü qolu vurmağa borclu idi. Sadəcə, Çaleta-Sarın səbəbkar olduğu penalti zamanı “nöqtə”yə yaxınlaşan Martines bu dəfə qapıçı Remiro ilə mübarizədən məğlub ayrıldı. Bundan sonra futbolun əbədiyaşar “vurmayana vurarlar” prinsipi işə düşdü. Penaltidən 9 dəqiqə sonra inadlkar Qedeş hesabı bərabərləşdirə bildi. 80-ci dəqiqədə isə Oskarsson “Real Sosyedad”ı irəli çıxardı. Qonaqlar minimal fərqi sona qədər əldən vermədi. 1/4 finala qədər ölkə kubokunda qapısında qol görməyən “Alaves” dramatik şəkildə mübarizəni dayandırdı. San-Sebastyan klubu isə növbəti dəfə qibtəolunası xarakter göstərdi.

“Valensiya” – “Atletik” duelində qonaqlar sevindi. “Yarasalar”ın nigeriyalı hücumçusu Umar Sadik 26-cı dəqiqədə öz, 35-ci dəqiqədə isə rəqib qapısını “nişan aldı”. 1:1 davam edən oyunun taleyinə 6-cı uzatma dəqiqəsində aydınlıq gəldi. İnyaki Uilyams “Atletik”i yarımfinala çıxaran qolu vurdu.

1/4 final
Albasete (D-2) – Barselona 1:2

Moreno, 87 – Yamal, 39. Arauxo, 56.
Barselona: X.Qarsiya, Kanselo (Kubarsi, 46), Arauxo (Kunde, 78), E.Qarsiya, Martin, De Yonq, Bernal (Kasado, 66), Yamal, Olmo, Reşford (Lopes, 66), Levandovski (Torres, 66).

Alaves – Real Sosyedad 2:3
Rebbaş, 8. Martines, 29-p. – Oyarsabal, 15. Qedeş, 76. Oskarsson, 80.

Valensiya – Atletik 1:2
Sadik, 35 – Sadik, 26-öz qapısına. İ.Uilyams, 90+6.

Betis – Aletiko 0:5
Hantsko, 12. Simeone, 30. Lukman, 37. Qrizmann, 62. Almada, 83.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Çoxlu qol imkanımız oldu. Hələ ilk yarıda oyunun taleyini həll edə bilərdik. Hər üç gündən bir oyun keçirsək də, komanda həmişə hazırdı. Oyunun axarına nəzarət etsək də, son nəticədə qalib gəlmək üçün çox əmək sərf etməli olduq”.
Chosen
18
1
football-plus.az

2Sources