ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 12 fevral, Ceyhun Xəlilov, foto – Səfiyar Məcnun, AZƏRTAC
Son dövrlərdə bölgədə baş verən dəyişikliklər, Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində müşahidə olunan real irəliləyişlər, eləcə də əlaqələrin genişlənməsi və investisiya imkanlarının artması Azərbaycanın tərəfdaşları, o cümlədən Litva üçün də maraqlı perspektivlər açır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus deyib.
O bildirib ki, Litva və Azərbaycan uzunmüddətli tərəfdaşlardır. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsi ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də uğurlu əməkdaşlıq mövcuddur.
“Yaxın zamanda Azərbaycanda keçiriləcək WUF13 tədbiri müxtəlif istiqamətlərdə əlavə imkanlar yaradır. Həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında strateji mərkəz rolunu nümayiş etdirməsinə təkan verir. Bu, yalnız tərəfdaşlığın genişlənməsi üçün deyil, eyni zamanda, müxtəlif biznes layihələrinin gerçəkləşdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır”, - deyən diplomat qeyd edib ki, enerji sahəsində də əməkdaşlıq böyük əhəmiyyət daşıyır və bunun üçün böyük potensial mövcuddur.
“Biz öz təcrübəmizi bölüşməyə, enerji şəbəkəsinə qoşulmağa və bərpaolunan enerji sahəsindəki biliklərimizi paylaşmağa hazırıq. Litvanın bu sahədə zəngin təcrübəsi var, Azərbaycan isə həm yüksək potensiala, həm də praktiki təcrübəyə malikdir. Eyni zamanda, düşünürəm ki, biznes sahəsində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur”, - deyə səfir vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.