
Günəşdə yeni koronal dəlik formalaşıb və onun yaxın 3–4 gün ərzində Yerə təsir göstərə biləcəyi bildirilir. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI RAS) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, koronal dəliyin konturları artıq tam formalaşıb və Günəş tacının görüntülərində aydın görünür. Hazırda geomaqnit vəziyyət sabit olaraq qalır, son sutkada yalnız qısa və zəif pozuntular qeydə alınıb. Günəş küləyinin sürətində isə cüzi artım müşahidə olunur.
Alimlər qeyd edirlər ki, yüksək sürətli Günəş plazmasının Yerə çatması adətən bir neçə gün çəkir. Buna görə də koronal dəliyin təsirinin 3–4 gün sonra hiss olunacağı proqnozlaşdırılır. Həftənin sonuna qədər Günəşdə ciddi fəallıq artımı gözlənilmir.
Fevral ayı ümumilikdə yanvarla müqayisədə daha sakit keçir. Yanvarda 10 gün geomaqnit qasırğası qeydə alınmışdı ki, bu da 2017-ci ilin sentyabrından bəri ən yüksək göstərici olub. Həmin dövrdə güclü radiasiya qasırğaları və intensiv koronal kütlə atılmaları baş vermişdi.
Bununla yanaşı, fevralın 12-də Moskva vaxtı ilə saat 05:40-da 4367 nömrəli günəş ləkəsi qrupunda 21 dəqiqə davam edən M1.4 sinifli alışma qeydə alınıb. Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, bir gün əvvəl – fevralın 11-də isə 4366 aktiv bölgəsində dörd güclü alışma baş verib. Həmin bölgə XXI əsrdə bir aktiv mərkəzdən qeydə alınan M və X sinifli alışmaların sayına görə rekord müəyyənləşdirib – ümumilikdə 66 hadisə.
Qeyd edək ki, M sinifli alışmalar gücünə görə X sinfindən sonra ikinci yerdədir və bəzi hallarda geomaqnit qasırğalara səbəb ola bilər. Mütəxəssislər hazırda güclü – G4 və G5 səviyyəli qasırğaların gözlənilmədiyini bildirirlər. Bununla belə, Günəş fəallığının artım mərhələsində olması səbəbindən vəziyyət nəzarətdə saxlanılır.