EN

Gürcüstana istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalı qadağan edilə bilər  

İstismar müddəti 6 ildən çox olan avtomobillərin Gürcüstana idxalı qadağan edilə bilər.

AZƏRTAC xəbər verir ki, bununla bağlı hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən hazırlanmış qanun layihəsi parlamentə təqdim olunub.

Bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında məlumat verib:"Gürcüstanda avtonəqliyyat vasitələrinin sayı son illər əhəmiyyətli dərəcədə artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi. Bu ilin məlumatlarına görə, bu göstərici 2 milyonu keçib. Avtomobillərin sayının belə artımı yolların yüklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna görə də hesab edirik ki, çox mühüm tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə parlamentə istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim etmişik".

Onun sözlərinə görə, kiçik istisnalar nəzərdə tutulacaq. Lakin prinsip etibarilə istismar müddəti 6 ildən çox olan avtomobillər ölkəyə gətirilməməlidir. ”Bu, ekologiya, insan sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o diqqətə çatdırıb.

3Sources