EN

Bakı-Vaşinqton əlaqələrinin müasir xarakterində Trampın şəxsi rolu - Deputat

Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilməlidir. Bu səfər ABŞ xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Vensin Azərbaycana səfəri kontekstində Bakı-Vaşinqton əlaqələrinin müasir xarakterində Prezident Donald Trampın şəxsi rolu xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevlə Prezident Tramp arasında formalaşmış pozitiv münasibətlər iki ölkə arasındakı hazırkı dinamikanı müəyyənləşdirən əsas amillərdəndir”.

Bu fikirləri Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

Deputat qeyd edib ki, ABŞ-ın yeni xarici siyasət konsepsiyasına əsasən Azərbaycan Cənubi Qafqazda və geniş Avrasiya məkanında açar ölkə kimi dəyərləndirilir:

“2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş və imzalanan sənədlərdən sonra ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Tramp administrasiyası öz sələfi Cozef Bayden dövründə müşahidə olunan qeyri-adekvat yanaşmanı təkrarlamadı. Əksinə, münasibətlərdə yaranmış soyuqluğun aradan qaldırılması və əməkdaşlığın inkişafı istiqamətində konkret addımlar atıldı. Şübhəsiz ki, bu prosesdə dəyişən geosiyasi reallıqlar, o cümlədən Azərbaycanın qlobal siyasi aktora çevrilməsi mühüm rol oynadı. Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də türk dünyasına açılan strateji pəncərə kimi qiymətləndirilir. Bu baxımdan vitse-prezidentin səfəri həm regional balansın qorunması, həm də sülh prosesinin irəliləməsi baxımından əhəmiyyətli addım hesab oluna bilər. Cənab Vens çıxışında Azərbaycanda hökm sürən tolerant mühiti xüsusi qeyd edərək, müxtəlif dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulayıb”.

F.İbrahimli əlavə edib ki, Azərbaycan Prezidenti ilə aparılan müzakirələr zamanı TRIPP nəqliyyat dəhlizinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan–ABŞ münasibətlərinin siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt mərkəzlərinin yaradılması və digər sahələr üzrə genişləndirilməsi məsələləri müzakirə olunub.

“Tərəflər arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması görüşün ən yaddaqalan və əlamətdar hadisələrindən biri oldu. Bu sənəd münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, təkcə ikitərəfli əlaqələrdə deyil, bütövlükdə Cənubi Qafqazda geosiyasi konfiqurasiyada da müəyyən dəyişikliklərin baş verdiyini söyləmək olar.

Strateji baxışın ifadəsi olan bu sənəd Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Qarşılıqlı maraqlar və ortaq məqsədlər üzərində qurulan bu tərəfdaşlıq regional sabitliyin möhkəmləndirilməsi, qlobal çağırışlara birgə cavab verilməsi və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı dövləti ilə Cənubi Qafqazın əsas siyasi aktoru arasında imzalanan bu sənəd hər iki tərəfin strateji maraqlarına cavab verir”, – deyə F.İbrahimli vurğulayıb.

Tahirə Qafarlı

Chosen
40
hafta.az

1Sources