EN

Ürəkbulanmaya səbəb olan beş gözlənilməz qida - Qastroenteroloq açıqladı

Bir çoxları ürəkbulanmanın yalnız zəhərlənmə və ya ağır yeməklərlə bağlı olduğunu düşünür, amma qastroenteroloqların sözlərinə görə, hətta sağlam görünən bəzi qidalar belə bu narahatlığı tətikləyə bilər.

E-saglam.az xəbər verir ki, "EuroOnco" federal klinika şəbəkəsinin həkimi Vladimir Loginov bildirib ki, gündəlik adi məhsullar mədə turşusunun yuxarı qalxmasına və nəticədə ürəkbulanma hissinin yaranmasına səbəb ola bilər.

Mütəxəssis izah edir ki, bəzi qidalar mədə ilə qida borusu arasında “klapan” kimi çalışan aşağı qida borusu sfinkterini boşaldır. Bu əzələ zəifləyəndə mədə turşusu yuxarı qalxır və ağırlıq, yanma və ürəkbulanma yaradır.

Loginov ürəkbulanmanı artıran ən gizli 5 qidanı belə sadalayır:

Nanə. Əzələləri güclü şəkildə rahatladır və sfinkterin tonusunu azalda bilər. Xüsusilə şam yeməyindən sonra içilən nanə çayı, nanə saqqızı və konfetləri gecə ürəkbulanmasının ən yayılmış gizli səbəbləridir. Həkim nanəni limon balzamı ilə əvəz etməyi tövsiyə edir.

Sitrus meyvələri və pomidorlar. Turşu tərkibli olduqları üçün qida borusunu qıcıqlandıra və mədə turşusunu artıraraq ürəkbulanma yarada bilər. Acqarına içilən portağal şirəsi və pomidor suyu xüsusilə güclü tətikləyicidir. Az miqdarda və başqa yeməklərlə birlikdə istehlak edilməlidir.

Soğan və sarımsaq (çiy halda). Tərkiblərindəki uçucu maddələr həzm sistemini qıcıqlandırır və bəzi insanlarda güclü ürəkbulanma yarada bilir. Həkim çiy deyil, bişmiş formada istifadəni məsləhət görür.

Şokolad və kofein. Bu məhsullar mədə turşusunu artırır, həmçinin sfinkterin fəaliyyətini zəiflədir və nəticədə ürəkbulanma yarada bilər. Kofeini acqarına deyil, yeməklə birlikdə içmək tövsiyə olunur.

Qazlı içkilər. Qaz qabarcıqları mədəni genişləndirir, təzyiqi artırır və turşunun yuxarı qalxmasına şərait yaradır. Bu da ürəkbulanmanın əsas səbəblərindən biridir. Mütəxəssis müalicəvi mineral su içiləcəksə, əvvəlcə qazının buraxılmasını tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
20
e-saglam.az

1Sources