EN

Ötən il “Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlanıb

Bakı, 12 fevral, AZƏRTAC

2025-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 564 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 288 milyon dollar əsaslı məsrəflər xərclənib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 5,4 faiz artıb və əsaslı xərclər 0,39 faiz azalıb.

AZƏRTAC bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində il ərzində 2024-ci ildə əldə olunmuş məlumatların emalı uğurla tamamlanmış və ikinci il üçün məlumatların toplanması işləri başa çatıb.

Bundan əlavə, AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatları başlanıb. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunur. “Blue Ocean” dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edir. Bunun üçün QDYM sistemi Xankəndi sualtı tikinti gəmisi üzərinə inteqrasiya edilib və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunur.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (21 min), “Mərkəzi Azəri” (90 min), “Qərbi Azəri” (76 min), “Şərqi Azəri” (43 min), Dərinsulu Günəşli (51 min), “Qərbi Çıraq” (24 min) və ACE (25 min) platformalarından birlikdə – gündə orta hesabla 330 min barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub. Əvvəlki illə müqayisədə ümumilikdə 5 milyon barel azalma olub.

2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd edib. Fevralın 18-i Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 ili tamam olub. “Mərkəzi Azəri” indiyədək ümumilikdə 1,2 milyard barel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ən yüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-u Qərbi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam oldu. Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

İl ərzində AÇG-də 10 neft hasilatı quyusu, 5 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu qazılıb tamamlanıb.

2025-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılıb və mövcud “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilib.

Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Bu laydan hasilat bu ilin ikinci yarısına planlaşdırılır.

Bundan əlavə, QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib və 2026-cı ilin birinci yarısında bu laydan hasilata başlamaq planlaşdırılır. Lakin bu, sınaq məqsədilə aparılacaq qısamüddətli hasilat kimi nəzərdə tutulur və bundan sonra ilin ikinci yarısından başlayaraq daha dayazda yerləşən QÜQ layından hasilata keçiləcək.

Chosen
35
3
azertag.az

4Sources