Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, süni intellekt heç vaxt insanları əvəz edə bilməz və canlı şüura çevrilməsi mümkün deyil.
Redaktor.az xəbər verir ki, bu barədə Peskov TASS-a müsahibəsində danışıb.
“Süni intellekt heç vaxt insanları əvəz etməyəcək. Heç vaxt”, – deyə o vurğulayıb. Peskovun sözlərinə görə, süni intellekt texnoloji məhsul olaraq qalacaq və heç zaman şüura çevrilməyəcək.
O izah edib ki, şüur yalnız canlı varlıqlara xasdır, zəka isə maşın əsaslı ola bilər.
“Şüur yalnız canlı ola bilər, zəka isə maşın əsaslı ola bilər”, – deyə Kremlin sözçüsü qeyd edib.
Bununla yanaşı, Peskov süni intellektlə bağlı narahatlıqları tarixdə ilk maşınların meydana çıxmasına verilən reaksiyalarla müqayisə edib.
“İngiltərədə ilk maşınlar peyda olanda onlara qarşı da üsyanlar oldu. İndi biz maşınları faydalı hesab edirik”, – deyə o bildirib və süni intellektin də zamanla cəmiyyət tərəfindən qəbul olunacağına əminliyini ifadə edib.
Aminə ŞAHSUVARQIZI