EN

Rusiya VotsApp-ı bloklamağa hazırlaşır

Rusiya VotsApp-ı bloklamağa hazırlaşır

Rusiya mesajlaşma tətbiqlərinə qarşı məhdudiyyətləri sərtləşdirmək strategiyası çərçivəsində ölkə daxilində VotsApp-a girişi tamamilə bağlamağa hazırlaşır. Meta-nın tabeliyində olan VotsApp-dan verilən açıqlamada bildirilir ki, bu addım Rusiyadakı 100 milyondan çox istifadəçini dövlət nəzarətində olan bir izləmə tətbiqinə yönləndirmək məqsədi daşıyır.

Bu qərar Rusiya tənzimləyici qurumlarının təhlükəsizlik boşluqlarını əsas gətirərək Telegram-a girişi məhdudlaşdırmasından sonra gündəmə gəlib. Qeyd edək ki, Rusiyada Telegram-ın istifadəçi kütləsi ən az VotsApp qədər genişdir. VotsApp rəsmiləri 100 milyondan çox insanı özəl və təhlükəsiz ünsiyyətdən məhrum etməyi geriyə doğru atılmış bir addım kimi qiymətləndirir və bunun ölkədəki insanlar üçün təhlükəsizlik risklərini artıracağını vurğulayırlar.

Meta-ya qarşı ekstremizm ittihamı və qadağalar

Rusiyanın rabitə nəzarəti qurumu olan Roskomnadzor VotsApp-a yerli qanunlara əməl etməsi barədə dəfələrlə xəbərdarlıq edib. Dövlət nəzarətindəki xəbər agentlikləri VotsApp-ın 2026-cı ilə qədər ölkədə tamamilə bloklanacağını proqnozlaşdırır. Rusiya rəsmiləri Meta-nın ölkədə ekstremist təşkilat kimi tanınması səbəbindən bu sərt tədbirlərin qanuni olduğunu müdafiə edirlər.

2022-ci ildə qəbul edilən bu qərardan sonra Instagram və Facebook kimi Meta tətbiqləri Rusiyada bloklanıb və bu platformalara yalnız VPN vasitəsilə daxil olmaq mümkündür.

Yeni super tətbiq həmləsi: Max

Moskva rəhbərliyi Rusiya vətəndaşlarını dövlət tərəfindən hazırlanmış "Max" adlı yeni platformaya keçirmək üçün genişmiqyaslı işlər aparır. Çinin "WeChat" tətbiqinə bənzədilən bu super tətbiq mesajlaşma xidmətlərini dövlət xidmətləri ilə birləşdirsə də, ucdan-uca şifrələmə (end-to-end encryption) xüsusiyyətinə malik deyil.

Rusiya tərəfi həm VotsApp, həm də Telegram-ın istifadəçi məlumatlarını qanunvericiliyə uyğun olaraq ölkə daxilində saxlamaqdan imtina etdiyini iddia edir. 2025-ci ildən etibarən hakimiyyət ölkədə satılan bütün yeni cihazlarda "Max" tətbiqinin quraşdırılmasını məcburi edib. Həmçinin dövlət sektoru işçilərindən, müəllimlərdən və tələbələrdən də bu platformadan istifadə etmələri tələb olunur.

Telegram-ın qurucusu Pavel Durov isə dövlətin bu məhdudiyyətlərlə xalqı siyasi senzura və izləmə məqsədilə öz tətbiqinə məcbur etdiyini bildirib. O, vətəndaşların azadlıqlarını məhdudlaşdırmağın heç vaxt düzgün həll yolu olmayacağını vurğulayıb.

Chosen
25
afn.az

1Sources