EN

Azərbaycan QHT ləri üçün WUF13 ə hazırlıq məqsədilə təlim təşkil olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 fevral, AZƏRTAC

Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) Azərbaycan Əməliyyat Şirkətinin təşəbbüsü ilə fevralın 12-də Azərbaycan QHT-ləri üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimin əsas məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin dayanıqlı şəhərsalma prinsipləri, inklüziv inkişaf, iqlim dayanıqlılığı və urbanizasiya proseslərində ictimai iştirakçılıq imkanları barədə məlumatlandırılması, eləcə də WUF13 çərçivəsində nəzərdə tutulan prioritet istiqamətlərlə bağlı maarifləndirmənin gücləndirilməsi olub.

Təlimdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva Forumun Bakıda keçirilməsinin ölkəmiz üçün mühüm hadisə olduğunu vurğulayıb. O bildirib ki, WUF13 yalnız hökumət qurumlarının deyil, QHT-lərin və ictimaiyyət nümayəndələrinin fəal iştirakını tələb edən qlobal platformadır.

WUF13 vətəndaş cəmiyyətinə şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq, yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanın layihələrini dünyaya təqdim etmək imkanı yaradır, eyni zamanda, siyasətin daha inklüziv və dayanıqlı formalaşmasına töhfə verir.

BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave bildirib ki, Azərbaycan QHT-lərinin WUF13-ə göstərdiyi maraq sevindiricidir. O deyib: “Forum açıq və inklüziv platforma olaraq hökumətləri, yerli icmaları, QHT-ləri, akademik dairələri və özəl sektoru bir araya gətirir, hüquqi baxımdan məcburi qərarlar qəbul edilmir. Hazırlıq işləri intensiv şəkildə davam edir və Azərbaycan Hökumətinin yüksək səviyyəli dəstəyi xüsusi vurğulanıb. WUF13-ün Bakıda keçirilməsi yalnız beynəlxalq tədbir deyil, həm də Azərbaycanın şəhərsalma sahəsindəki yeniliklərini və azad edilmiş ərazilərdə bərpa işlərini dünya ictimaiyyətinə təqdim etmək üçün mühüm imkan hesab olunur”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva qrant müsabiqəsi və Agentliyin “bp Azərbaycan”la birgə təşəbbüsü çərçivəsində WUF13 üzrə xüsusi istiqamətin müəyyən edildiyini vurğulayıb. O bildirib ki, Agentlik WUF13 çərçivəsində bir neçə əsas tədbir planlaşdırır. Urban Həftəsi zamanı Qlobal Cənub QHT-lərinin iştirakı ilə Baş Assambleyanın keçirilməsi nəzərdə tutulur. Həmçinin ilk dəfə olaraq QHT Forumunun təşkili planlaşdırılır ki, bu da gələcək forumlar üçün yeni ənənənin başlanğıcı ola bilər. Bundan əlavə, QHT Platformasının pavilyonunda geniş təmsilçilik və beynəlxalq tərəfdaşlarla birgə yan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycan və region QHT-lərinin WUF13-də fəal və səmərəli iştirakını təmin etməkdir.

Təlim çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, şəhərsalma sahəsində beynəlxalq təcrübə, iqlim dəyişikliklərinə uyğunlaşma, inklüziv şəhər mühitinin formalaşdırılması və icma əsaslı yanaşmalar barədə təqdimatlar keçirilib. Həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üzrə ümumi plan barədə məlumat verilib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) BMT-nin təşəbbüsü ilə keçirilən və urbanizasiya sahəsində ən nüfuzlu qlobal platformalardan biri hesab olunur. WUF13 sessiyası çərçivəsində müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər və vətəndaş cəmiyyəti institutları bir araya gələrək şəhərlərin dayanıqlı inkişafı ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
azertag.az

1Sources