Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham edilən Adəm Quliyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Sabahinfo.az Pravda.az-a istinadla bildirir ki, proses zamanı ittiham aktı elan olunub.
İttiham aktına görə, Adəm Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə mühakimə olunub. Sənəddə qeyd edilir ki, o, özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək niyyəti ilə ortaq tanışları vasitəsilə zərərçəkmiş Həsrət Əmirovla (adı və soyadı şərtidir) ünsiyyət qurub.
Belə ki, özünü sürücü kimi təqdim edən Adəm, zərərçəkənə məxsus yükü sonuncunun avtomobili ilə təyinat nöqtəsinə çatdıracağını vəd edib. O, 2024-cü il avqustun 18-də yəhərli dartıcı və "SCHMITZ" markalı yarımqoşqunu idarə etmək üçün etibarnamə əldə edib.
İttihama əsasən, 2024-cü ildə ümumi dəyəri 85 000 manat təşkil edən nəqliyyat vasitələri - 62 500 manatlıq yük maşını və 22 500 manatlıq "SCHMITZ" yarımqoşqusu Abşeron rayonunun Masazır kəndindəki 4 saylı məktəbin qarşısından Rusiyanın Moskva şəhərinə yük daşımaq üçün yola düşüb. Lakin yük Moskvada boşaldılandan sonra avtomobillər Azərbaycana geri qaytarılmayıb və sahibinə təhvil verilməyib.
İstintaq sənədlərində göstərilir ki, Adəm həmin nəqliyyat vasitələrini naməlum şəxsə və məlum olmayan qiymətə sataraq mənimsəyib, nəticədə Həsrətə 85 000 manat həcmində külli miqdarda maddi ziyan vurub.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub və iş baxışa verilib. Növbəti mərhələdə məhkəmə istintaqı həyata keçirilib, təqsirləndirilən şəxs, zərərçəkən və şahidlər ifadə veriblər. Proses 2025-ci il dekabrın 8-dək təxirə salınıb.
Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məhkəməyə daxil olan məktubda Adəm Quliyevin ağciyər vərəmindən müalicə aldığı müəssisədə dünyasını dəyişdiyi qeyd olunub.
Bununla bağlı məhkəmə iclasında vəfat etmiş şəxsin yaxın qohumlarına Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin müddəaları izah edilməklə müvafiq bildirişin göndərilməsi qərara alınıb və iclas qanunvericilikdə nəzərdə tutulan müddətdən az olmamaq şərti ilə təxirə salınıb.
Məhkəmənin göndərdiyi bildirişə cavab olaraq, mərhum Adəm Quliyevin anası rəsmi ərizə ilə müraciət edib və oğlunun hüquqi varisi kimi tanınmaq istədiyini bildirib. O, həmçinin cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
Qərara əsasən, təqsirləndirilən şəxsin vəfat etməsi səbəbindən cinayət təqibinə xitam verilib. Adəm Quliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş sayılıb.