EN

Böyrəklərdə hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Bakı, 12 fevral, AZƏRTAC

Hidronefroz böyrəklərdə sidiyin yığılıb qalması nəticəsində böyrəyin piylənməsi və sidik yollarının genişlənməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Normalda sidik böyrəklərdən sidik axarına (ureter) və oradan sidik kisəsinə axır. Əgər sidiyin axmasına hər hansı maneə yaranarsa (daş, daralma, sidik yolunun anadangəlmə qüsuru və s.), sidik böyrəkdə yığılır və böyrək toxumasına təzyiq edərək onun zədələnməsinə səbəb olur. Hidronefroz müalicə olunmasa, böyrək toxuması zədələnə bilər və nəticədə xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Erkən diaqnoz və vaxtında müalicə çox önəmlidir.

Bu barədə AZƏRTAC-a İcbari Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hidronefroz diaqnozu USM (ultrasəs müayinəsi), KT (kompüter tomoqrafiyası) və ya MRT uroqrafiya, İVP (intravenoz pieloqrafiya), sidik analizi və qan testləri əsasında qoyulur. USM böyrəkdə maye yığılmasını, böyrəyin piylənməsi və ya genişlənməsini göstərir, KT və ya MRT sidik yolunda maneənin səbəbini aşkar edir, İVP (intravenoz pieloqrafiya) kontrast maddə ilə böyrəklərin işləmə vəziyyətini qiymətləndirir, sidik analizi və qan testləri isə böyrəyin funksional vəziyyətini göstərir.

Müayinə və müalicə uroloq və nefroloq tərəfindən aparılır. Müalicə üsulu hidronefrozu yaradan səbəbdən asılı olaraq dəyişir. Əgər daş səbəbindən yaranıbsa, daşın çıxarılması üçün cərrahi əməliyyat üsulu seçilir. Sidiyin müvəqqəti çıxarılması üçün böyrəkdə drenaj borusunun (stent) qoyulması da müalicə metodlarından biridir.

Sadalanan bütün müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində icra olunur.

Məlumat üçün bildirək ki, hidronefrozun əlamətləri yan və ya bel nahiyəsində ağrı (xüsusilə birtərəfli), sidik ifrazında çətinlik, sidikdə qan (hematuriya), tez-tez sidiyə getmə və ya sidik qaçırma, ürəkbulanma, qusma, uşaqlarda qarın boşluğunda şişlik hiss olunması, irəliləmiş mərhələdə isə yüksək təzyiq, böyrək funksiyasının zəifləməsidir.

Chosen
8
4
azertag.az

10Sources