EN

Vətən sevgisi ilə yazılan Zəfər tariximiz

Nəsildən-nəslə ötürülən, müqəddəs əmanətə çevrilən müqəddəs duyğudur Vətən sevgisi… Vətən onu sevən, onu qoruyan, onun uğrunda canından keçməyə hər an hazır olan insanlarla qüdrətli və sarsılmaz olur. Azərbaycan xalqının tarixində qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq anlayışları hər zaman ali dəyər kimi qəbul edilib. Bu dəyərlərin ən uca zirvəsində isə şəhidlik dayanır. Şəhidlik - Vətən, torpaq və bayraq uğrunda canını fəda etməyin ən ali məqamıdır.

Azərbaycanın yaxın tarixi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur uğrunda gedən mübarizə, xalqımızın əyilməz ruhunun, sarsılmaz iradəsinin və vətən sevgisinin bariz nümunəsidir.

Uzun illər Ermənistanın işğalı altında qalan ərazilərimiz, erməni vandalları tərəfindən talanan, dağıdılan, yerlə yeksan edilən şəhər və kəndlərimiz, viran qoyulan abidələrimiz xalqımızın qəlbində sağalmaz yaraya çevrilmişdi. Ancaq bu yara bizi mənən yıxa, zəiflədə bilmədi, əksinə, daha da gücləndirdi, birləşdirdi və böyük Zəfərə apardı.

İşğal edilən torpaqlarımız - nisgil dolu illərimiz... 

1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edildi. Minlərlə soydaşımız şəhid oldu, on minlərlə insan yaralandı, bir milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşdü. İşğalçı ermənilərin Xocalıda, Malıbəylidə,  Quşçularda, Başlıbeldə, Ağdabanda və digər ərazilərimizdə törətdikləri soyqırımları, qətliamlar bu işğalın ən dəhşətli, ən qanlı səhifələri oldu.

Qarabağın incisi Şuşa, füsunkar təbiətli Kəlbəcər, Laçın, Füzuli, Ağdam, Cəbrayıl, Ağdərə… düşmən tapdağı altında idi. Lakin Azərbaycan xalqı üçün Qarabağ və Şərqi Zəngəzur ərazilərinin Ermənistanın işğalına məruz qalması yalnız torpaqlarının itirilməsi deyildi. Bu, həm də tarixi irsimizə, mədəniyyətimizə, dini abidələrimizə qarşı vandalizm idi. Məscidlər təhqir edilir, qəbiristanlıqlar dağıdılır, evlər yandırılırdı. Bu ədalətsizliklərə dözmək mümkün deyildi.

Odur ki, Azərbaycan xalqı heç zaman işğalla barışmadı. Hər bir azərbaycanlının qəlbində Qarabağ, Şərqi Zəngəzur nisgili vardı. İşğal illərində böyüyüb boya başa çatan uşaqlarımız Şuşanın, Xankəndinin, Kəlbəcərin və digər ərazilərimizin adlarını təkcə məktəblərdə dərs kitablarından deyil, ata-babalarının həsrət dolu söhbətlərindən eşidirdilər. 

44 günlük Vətən müharibəsi - tarixi dönüş nöqtəsi

Ordumuz isə ildən-ilə güclənirdi. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhuna malik, peşəkar hərbçilərdən ibarət ordu formalaşdı. Bu ordu yalnız silahla deyil, ürəklə döyüşməyə, Vətən torpaqlarını Ermənistanın işğalından azad etməyə hazır idi.

2020-ci il  sentyabrın 27-si Azərbaycan tarixində ən unudulmaz günlərdən birinə çevrildi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi 44 gün davam etdi və şanlı Qələbə ilə nəticələndi. Bu müharibə təkcə hərbi əməliyyat deyildi, bu, xalqın ləyaqət mübarizəsi idi.

Azərbaycanın igid əsgər və zabitləri döyüşlərdə qəhrəmancasına vuruşur, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və başqa ərazilərimizi addım-addım düşmənin işğalından azad edirdilər. İgidlərimiz hər qarış torpaq uğrunda ağır döyüşlərdən keçirdilər. 

Vətən müharibəsində dağlıq ərazilərdə, sərt iqlim şəraitində aparılan əməliyyatlar dünya hərb tarixində yeni səhifə açdı. Xüsusilə, Şuşa uğrunda döyüşlər qəhrəmanlıq salnaməsinin zirvəsi oldu. Əsgərlərimiz sıldırım qayaları aşaraq, əlbəyaxa döyüşlər apararaq Şuşanı azad etdilər. 8 Noyabr - Zəfər Günü xalqımızın yaddaşına əbədi həkk olundu.

Bu qələbə nəticəsində Qarabağ və Şərqi Zəngəzurun böyük hissəsi işğaldan azad edildi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 2023-cü ilin sentyabrında aparılan birgünlük antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.

Şəhidlər - Zəfərin əbədi qəhrəmanları

Bu tarixi qələbələr Azərbaycanın minlərlə igid oğlunun canı, qanı bahasına qazanıldı. Onlar Vətəni öz canlarından üstün tutdular. Hər biri bir ailənin övladı, ata-analarının ümid yeri idilər. Lakin onlar şəxsi həyatlarını deyil, xalqın gələcəyini seçdilər.

Şəhidlərimizin hər birinin həyatı, qəhrəmanlığı bir dastandır. Kimi yaralı halda döyüşü davam etdirdi, kimi son gülləsinə qədər vuruşdu, kimisə silahdaşlarını xilas edərkən canından keçdi. Onların son sözləri çox vaxt "Vətən sağ olsun!" oldu. Bu sözlər Azərbaycan əsgərinin mənəvi gücünü, vətənə bağlılığını ifadə edir.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların adları küçələrə, məktəblərə verilir, xatirə lövhələri vurulur, abidələri ucaldılır. Lakin ən böyük abidə azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımızdır.

İşğaldan azad olunmuş ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dağıdılmış şəhərlər yenidən qurulur, yollar çəkilir, hava limanları tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarına həyat qayıdır.

Şuşa yenidən mədəniyyət paytaxtına çevrilib. Kəlbəcər, Laçın, Zəngilan yenidən öz sahiblərini qarşılayır. Köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Bu qayıdış həm də tarixi ədalətin bərpasıdır.

Qarabağda və Şərqi Zəngəzurda hər tikilən ev, hər salınan yol, hər açılan məktəb şəhidlərimizin həyata keçən arzularıdır.

Dövlət tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir. Onların sosial rifahının yaxşılaşdırılması, mənzil və məşğulluq problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Lakin ən böyük təsəlli xalqın tükənməz sevgisi, hörməti, ehtiramıdır.

Cəmiyyət olaraq hər birimizin borcu şəhid ailələrinə mənəvi dayaq olmaq, qazilərimizə ehtiram göstərməkdir. Çünki bu gün azad səma altında torpaq nisgili çəkmədən yaşayırıqsa, bunu onların fədakarlığına borcluyuq.

Gənc nəslə örnək

Vətən sevgisi sözlə deyil, əməllə sübut olunur. Şəhidlərimiz bunu öz canlarını fəda edərək göstərdilər. Onların şücaəti, sədaqəti və iradəsi yeni nəslin tərbiyəsində mühüm rol oynayır. Bu insanların həyat yolu gənclər üçün ən böyük vətənpərvərlik məktəbidir.

Bu gün Azərbaycan gənci qalib xalqın nümayəndəsidir. Onun üzərinə düşən vəzifə bu Zəfəri qorumaq, ölkənin inkişafına töhfə vermək, milli-mənəvi dəyərlərə sahib çıxmaqdır. Çünki torpağı qorumaq təkcə silahla deyil, elm, bilik və zəhmətlə də mümkündür.

Zaman keçir, illər ötür, lakin şəhidlər unudulmur. Onların adları tarixə yazılır, xatirəsi ürəklərdə yaşayır. Hər dəfə azad Qarabağa, Şərqi Zəngəzura gedəndə ucalarda dalğalanan üç rəngli, ay-ulduzlu bayrağımızı görəndə, həmin ərazilərimizdə bərpaolunan kəndlərə, qəsəbələrə, şəhərlərə baxanda böyük Zəfərimizin hansı fədakarlıq bahasına qazanıldığını xatırlayırıq.

Şəhidlər ölməz, Vətən bölünməz! Bu ifadə artıq təkcə şüar deyil, gerçəklikdir. Çünki şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımız əbədi olaraq azaddır.

Qarabağ və Şərqi Zəngəzurun azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu Qələbə xalqın birliyinin, güclü dövlətin və rəşadətli ordunun nəticəsidir. Lakin bu Zəfərin baş qəhrəmanları şəhidlərimizdir. Onlar Vətənin azadlığı uğrunda canlarını fəda edərək adlarını əbədiyyətə yazıblar.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

1Sources