EN

“Anaların əksəriyyəti uşaqları süni qidalarla böyütdüyü üçün orqanizmdə kalsiumla yanaşı, digər mineralların da çatışmazlığı müşahidə olunur”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İnsanın gil və təbaşir yemək istəyi əsasən uşaqlar və hamilə qadınlarda rast gəlinən "pika" sindromudur. Bu, bəzən qida və mineral çatışmazlığının göstəricisi olsa da, sağlamlıq üçün ciddi risklər yarada bilər. Çünki bu maddələr parazit, ağır metal və həzm problemlərinə səbəb ola bilər.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına fitoterapevt Fuad Mahmudov bildirib ki, keçmişdə nənə-babalarımız uşağın divarı eşməməsi üçün ona adi təbaşir verirdilər: “Bu hal əsasən körpə və azyaşlı uşaqlarda müşahidə olunur və çox vaxt bədəndə kalsium çatışmazlığı ilə əlaqələndirilir. Uşaq instinktiv olaraq divarın çatlamış yerlərini eşməyə başlayır və oradan çıxan təbaşir və ya gili yeməyə meyl göstərir. Keçmişdə nənə-babalarımız uşağın divarı eşməməsi üçün ona adi təbaşir verirdilər və uşaq onu yeyirdi. O dövrlərdə indiki kimi müxtəlif kalsium tərkibli preparatlar mövcud deyildi. Buna görə insanlar həm ucuz, həm də əlçatan bir üsul olaraq təbaşirdən istifadə edirdilər. Təbaşirin tərkibi əsasən kalsiumdan ibarətdir və bəzi hallarda apteklərdə satılan preparatlardan daha təmiz hesab olunurdu. Beləliklə, uşaq kalsiuma olan ehtiyacını bu yolla ödəyirdi.

Bu gün yüzlərlə kalsium tərkibli preparat olmasına baxmayaraq, onların təsiri bəzən gözlənilən nəticəni vermir. Analizlər göstərir ki, müayinədən keçirilən bir çox uşaqda kalsium defisiti qalmaqdadır. Bu isə ya preparatların keyfiyyəti, ya da uşaqların düzgün qidalanmaması ilə əlaqəli ola bilər.

Kalsiumun əsas mənbələrindən biri ana südüdür. Keçmişdə anaların qidalanmasına xüsusi diqqət yetirilirdi. Böyüklər yeni ana olmuş qadınlara hansı qidaları yeməli, hansılarından uzaq durmalı olduqlarını tövsiyə edirdilər. Nəticədə ana südünün tərkibində uşağın inkişafı üçün lazım olan bütün vacib elementlər mövcud olurdu. Uşaq bu elementləri birbaşa ana südü vasitəsilə qəbul edirdi. Təəssüf ki, bu gün anaların böyük əksəriyyəti uşaqları ana südü ilə deyil, süni qidalarla böyüdür. Bu da uşaqların orqanizmində təkcə kalsiumun deyil, eyni zamanda maqnezium və digər mineralların da çatışmazlığına səbəb olur. Nəticədə uşaqlarda fiziki inkişafla bağlı müxtəlif problemlər yarana bilir. Keçmişdə uşaqlarda daha çox rast gəlinən raxit xəstəliyi də məhz kalsium və D vitamini çatışmazlığı ilə əlaqədar idi.

D vitamini uşaqların orqanizmi üçün olduqca vacibdir. Uşaq kifayət qədər günəş şüası qəbul etmədikdə D vitamini defisiti yaranır. Kalsium isə əsasən süd və süd məhsullarında bol olur. Buna görə də uşaqların gündəlik qidasında bu məhsullara mütləq yer verilməlidir.

Qeyd etmək lazımdır ki, kalsium çatışmazlığı təkcə uşaqlarda deyil, xüsusilə 40 yaşdan sonra qadınlarda daha çox müşahidə olunur. Bu, orqanizmdə gedən hormonal və fizioloji proseslərlə bağlıdır. Qadınlar qidalanmalarına xüsusi diqqət yetirməli, lazım gəldikdə kalsium tərkibli preparatları mütəmadi qəbul etməlidirlər. Çünki kalsium defisiti zamanı qadınlarda sümüklər zəifləyir və hətta yüngül zədələr zamanı sınıqlar baş verə bilər.

Təbii kalsium mənbələrindən biri də küncütdür. Bu bitki kalsiumla zəngindir və həm uşaqlar, həm də böyüklər tərəfindən istifadə oluna bilər. Beləliklə, orqanizm kalsiumu təbii yolla qəbul etmiş olur”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
253
24
bizimyol.info

10Sources