BAKI, 12 fevral. TELEQRAF
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in təhlükəsiz şəkildə yenidən işə salınması yalnız onun Ukraynanın nəzarətinə qaytarılması halında mümkün ola bilər.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət nüvə şirkəti “Enerqoatom”un rəhbəri Pavlo Kovtonyuk bildirib.
Onun sözlərinə görə, Rusiya stansiyanı istismar etmək üçün zəruri olan bəzi avadanlıq və ehtiyat hissələrinə malik deyil və bu şəraitdə obyektin işə salınması nüvə qəzası riski yarada bilər. Kovtonyuk qeyd edib ki, əsas avadanlıq, eləcə də idarəetmə, mühafizə və monitorinq sistemləri Ukrayna istehsalıdır. Bu isə o deməkdir ki, layihə Ukraynaya məxsusdur və ehtiyat hissələri də Ukrayna müəssisələrində hazırlanır. O vurğulayıb ki, ehtiyat hissələri və layihə sənədləri olmadan stansiyanın normal istismarı mümkün deyil.
Xatırladaq ki, Zaporojye AES-in altı reaktoru Rusiya qüvvələrinin ərazini ələ keçirməsindən sonra dayandırılıb. Moskva ötən il ən azı bir reaktoru yenidən işə salmağı planlaşdırdığını açıqlamış, stansiyaya Rusiyanın təyin etdiyi rəhbərlik isə obyektin 2027-ci ildən etibarən enerji istehsalına başlaya biləcəyini bildirmişdi.
Stansiyanın taleyi ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarında əsas mübahisə mövzularından biri olaraq qalır. Vaşinqton obyektin idarə olunmasına hər üç tərəfin cəlb edilməsi və istehsal olunan enerjinin bölüşdürülməsi təklifini irəli sürüb. Rusiya isə stansiyanın yerləşdiyi ərazinin artıq özünə məxsus olduğunu və obyektin “Rosatom”a aid sayıldığını bildirir.
Kovtonyuk əlavə edib ki, stansiya əsasən sovet dövründə tikilib və bu gün Rusiyada istifadə olunan texnologiyalarla tam uyğun deyil. Onun sözlərinə görə, obyektin yenidən işə salınması üçün reaktorlarda istifadə olunan Amerika istehsalı yanacağın dəyişdirilməsi və məhz bu yanacaq növü üçün nəzərdə tutulmuş idarəetmə sistemlərinin tamamilə yenilənməsi tələb olunur. “Rosatom” isə Amerika yanacağının ABŞ-a geri qaytarılmasına hazır olduğunu bildirib.
Ukrayna tərəfi riskləri izah edərkən Çernobıl faciəsini xatırladıb. Kovtonyuk qeyd edib ki, Çernobılda heç kim bilərəkdən qəza törətmək istəmirdi, lakin avadanlıq mövcud şəraitdə işləyə bilmədiyi üçün fəlakət baş verdi. Onun sözlərinə görə, indiki vəziyyət də oxşardır.
Bundan əlavə, 2023-cü ildə Kaxovka bəndinin dağıdılmasından sonra yaranmış vəziyyət səbəbindən mövcud su ehtiyatlarının hətta bir reaktorun soyudulması üçün belə kifayət etmədiyi bildirilir.