EN

Zelenski: Müharibəni yaza qədər bitirmək mümkündür

Zelenski: Müharibəni yaza qədər bitirmək mümkündür

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın da istəyi olarsa, müharibəni bu ilin yay mövsümünə qədər bitirmək mümkündür.

Ukrayna mediasının məlumatına görə, Zelenski paytaxt Kiyevdə jurnalistlərin suallarını cavablandırarkən Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində davam edən diplomatik səylərdən danışıb. Prezident Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefonla danışdığını və Əbu-Dabidə keçirilən son üçtərəfli danışıqlar barədə onu məlumatlandırdığını bildirib.

Müharibənin bitməsi üçün ABŞ-ın Rusiyaya təzyiq etməli olduğunu müdafiə edən Zelenski "Əgər təkcə Ukrayna tərəfi yox, təcavüzkar tərəf də istəkli olarsa, yay aylarına qədər müharibəni sona çatdıra bilərik" deyib. O, həmçinin Donald Trampın Putini müəyyən bir kompromisə məcbur edə biləcəyinə inandığını ifadə edib.

Zelenski 24 fevralda prezident seçkilərinin elan ediləcəyi ilə bağlı iddialara da münasibət bildirib: "24 fevral 2026-cı il müharibənin 4-cü ildönümü olacaq. Bu, xüsusi bir gündür. Ona görə də 24 fevralda heç bir seçki elan edilə bilməz". O, seçkilərin yalnız lazımi təhlükəsizlik zəmanətləri alındıqdan sonra keçirilə biləcəyini qeyd edib.

Putinlə görüş yerinə dair şərtini açıqlayan Ukrayna lideri Moskvaya və ya Belarusa getməyəcəyini vurğulayıb: "Mən təcavüzkar olan bir ölkənin paytaxtına Putinlə görüşmək üçün gedə bilməm. Lakin Avropa, ABŞ və ya hər hansı neytral ölkədə görüşməyə hazıram".

Sonda ölkəsinin Avropa İttifaqı (Aİ) ilə inteqrasiya prosesinə toxunan Zelenski, Ukraynanın 2027-ci ildə üzvlüyə texniki cəhətdən hazır olacağını bildirib.

Chosen
24
afn.az

1Sources